Dünya Bankının Direktorlar Şurası Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə 800 milyon ABŞ dolları məbləğində kredit ayrılmasına qərar verib.
Baki-xeber.com xəbər verir ki, kreditin 400 milyon dolları Azərbaycan dövlətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi" QSC-yə, yerdə qalan hissəsi isə Türkiyə dövlətinin zəmanəti ilə "BOTAŞ" şirkətinə veriləcək.
Dünya Bankının vitse-prezidenti Siril Muller (Cyril Muller) deyib ki, TANAP rəqabətə şərait yaratmaqla yanaşı, Türkiyə və Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradacaq, həmçinin layihə Avropa və Türkiyədə enerji təhlükəsizliyinin təmin edilməsinə dəstək olacaq.
Dekabrın əvvəlində Asiya İnkişaf Bankı "Cənub Qaz Dəhlizi" QSC-yə 1 milyard dollar kredit ayırmışdı. Sırada başqa banklar da var
Eyni gün, Asiya İnfrastruktur İnvestisiyaları Bankı (Asian Infrastructure Investment Bank, AIIB) TANAP layihəsinə 600 milyon ABŞ dolları kredit ayırdığını bildirib. Bankın vitse-prezidenti Di Pandian deyib ki, Asiya ilə Avropa arasında enerji infrastrukturunun yenilənməsinə xidmət edən TANAP layihəsi Azərbaycan iqtisadiyyatını gücləndirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyini təmin edəcək.
Kreditə Azərbaycan hökuməti zəmanət verib. Vəsait “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb. “Reuters” agentliyi xəbər verir ki, yeni investisiya, Çin tərəfindən idarə olunan bankın mövcud olduğu ilk ildə verdiyi ümumi krediti 1,73 milyard ABŞ dollara çatdırıb.
TANAP layihəsinin ümumi dəyəri 8,6 milyard dollardır. Bu vəsaitin 2,1 milyard dolları borcalanın, 600 milyon dolları AIIB-nin, 800 milyon dolları Dünya Bankının, 2,1 milyard dolları beynəlxalq maliyyə institutlarının (Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı - red.) payına düşür. Üç milyard dollar həcmində kreditinsə digər kommersiya təşkilatlarından cəlb olunması nəzərdə tutulub.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Azadlıq radiosu”na deyib ki, Dünya Bankının kredit ayırması çox önəmli hadisədir: “Çünki onun ardınca Avropa İnvestisiya Bankı, AIIB və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da "Cənub Qaz Dəhlizi" QSC-də Azərbaycanın dövlət payının, "Şahdəniz"dəki və qaz infrastruktur layihələrindəki payının maliyyələşdirilməsi üçün kredit ayıracaqlar”. İ. Şaban kreditləşmə prosesinin gələn ilin I rübündə başa çatacağını güman edir.
Onun sözlərinə görə, kredit şərtləri Azərbaycana yetərincə əlverişlidir: “Kreditlər aşağı faiz dərəcələri ilə və uzunmüddətli dövrə verilir - 20 ildən 30 ilədək. Ödənmə müddəti 2020-ci ildən başlanır. Belə durumda qaz layihələrinin reallaşmasında Dövlət Neft Fonduna güc düşməyəcək”.
Uzunluğu 1850 km olan TANAP Azərbaycandan İtaliyaya uzanacaq 3500 km-lik «Cənub Qaz Dəhlizi»nin yarısından çoxunu əhatə edir. Türkiyənin Gürcüstanla sərhədindən başlayan kəmər şərqdən qərbə doğru uzanaraq Yunanıstan sərhədində TAP-la (Trans Adriatik Qaz Kəməri) birləşəcək və qazı Avropa bazarlarına ötürəcək.
TAHİR