Azərbaycanın Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası ölkələri ilə 2016-cı ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsi 1,9 milyard dollar təşkil edib. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin altıncı iclasında bu gün Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Ş.Mustafayev bildirib ki, bu məbləğin bir milyardını idxal, 0,9 milyardını Azərbaycan məhsullarının ixracı təşkil edib: "Türkdilli ölkələr şurasının Azərbaycanın ümumi ticarət dövriyyəsində payı 14 faizə bərabərdir. Azərbaycanın ixracatında bu göstərici 13 faiz, idxalatında 5 faiz təşkil edir.”
Türkiyə türkdilli ölkələrə ticarətdə milli valyutalara keçməyi təkilf etdi
Türkdilli ölkələr ticarətdə milli valyutaların istifadəsinə keçməlidir. Bunu isə iclasda Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib. Onun sözlərinə görə, Türkiyə Azərbaycanla qarşılıqlı ticarətdə milli valyutalara keçməyi planlaşdırır. Bundan başqa, nazir qeyd edib ki, Azərbaycan və Türkiyə bir sıra məhsulların ticarəti ilə bağlı gömrük prosedurlarını sadələşdirmək niyyətindədir.
N.Zeybekçi qeyd edib ki, Türkdilli şuranın üzvləri turizm, səhiyyə, tikinti sahələrində iqtisadi əlaqələri gücləndirməlidirlər.
“Çindən Avropaya gedən nəqliyyat yolları ilə bağlı türkdilli ölkələrin imkanı var ki...”
“Türkdilli şuranın dövlətləri Çindən Avropaya, eləcə də şimaldan cənuba gedən nəqliyyat yollarını birləşdirmək üçün bütün imkanlara malikdir”. Bunu isə Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Aydar Arifxanov deyib.
O xatırladıb ki, bu region tarixən böyük “İpək yolu”nun tərkib hissəsi olub. A.Arifxanov qeyd edib ki, türkdilli ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müntəzəm olaraq müzakirə edilir, hər il nəqliyyat nazirlərinin görüşləri keçirilir.
Onun sözlərinə görə, nəqliyyat-logistika sahəsində uğurlu əməkdaşlıq üçün gömrük prosedurlarının sadələşdirilməsi vacibdir.
Türkiyə və Azərbaycan güzəştli ticarət sazişi imzalayacaq
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib ki, Türkiyə və Azərbaycan güzəştli ticarət sazişi imzalayacaq. Onun sözlərinə görə, hazırda güzəştli məhsulların siyahısının hazırlanması üzrə işlər gedir.
N.Zeybekçi deyib ki, sazişin imzalanması 2017-ci ilin birinci yarısında keçirilməsi planlaşdırılan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası çərçivəsində gözlənilir.
Türkdilli Ölkələrin İqtisadi İttifaqı...
Türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün iqtisadi ittifaq yaratmaq, azad ticarət rejiminə keçmək və gömrük güzəştlərini artırmaq lazımdır. Bunu da N.Zeybekçi deyib. Nazirin sözlərinə görə, türkdilli ölkələr arasında iqtisadi əlaqələr mövcud potensiala cavab vermir.
N.Zeybekçi deyib: “Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin əhalisinin sayı 115 milyondur. Bu ölkələrin milli gəlirinin ümumi həcmi 1,2 trilyon dollar təşkil edir. Türkdilli ölkələrin xarici ticarət dövriyyəsinin ümumi həcminin 600 milyard dollara bərabər olmasına baxmayaraq, bu ölkələr arasındakı qarşılıqlı ticarət həcmi bu gün yalnız 2 faiz təşkil edir. Biz bu göstəricini 5-10 faiz həddinə çatdırmalıyıq.”
Türkiyəli nazir qeyd edib ki, əgər türkdilli dövlətlər iqtisadi münasibətləri möhkəmləndirsələr, siyasi və digər sahələrdə də əlaqələr genişlənəcək.