Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyə iqtisadiyyatına investisiyaları 18 milyard dolları keçəcək. Trend-in məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Anadolu agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, SOCAR-ın Türkiyədəki ən iri investisiyalarından biri “STAR” neft emalı zavodunun inşasına yatırılan sərmayədir.
R.Abdullayev bu layihə üzrə işlərin 80 faizinin başa çatdığını və zavodun 2018-ci ildə istismara veriləcəyini deyib.
SOCAR prezidenti həmçinin, TANAP boru kəməri üzrə də tikinti işlərinin davam etdiyini bildirib: “Hazırda TANAP-ın tikintisinə xarici maliyyələşmənin cəlb olunması üçün banklarla danışıqlar aparılır. Layihəyə 4 milyard dollar investisiyanın cəlb olunması imkanı var. Bundan başqa, “Cənub Qaz Dəhlizi” şirkətinin TANAP-dakı 58 faizlik payının 8 faizinin SOCAR-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Turkey”ə verilməsi qərarı var. Bu sazişin yaxın zamanlarda əldə olunacağı gözlənilir”.
"TANAP layihəsinə maliyyə vəsaitinin cəlb olunması üçün danışıqlar davam etdirilir". "APA-Economics" xəbər verir ki, bunu da R.Abdullayev bildirib. "TANAP-a investisiya yatırmaq istəyən bir sıra banklarla danışıqlar aparırıq. Danışıqlarda konkret bir anlaşma əldə olunmayıb. Söhbət 4 mlrd. dollarlıq yatırımdan gedir. Danışıqlar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi ciddi maliyyə təsisatları ilə aparılır. Bilirsiniz ki, TANAP-ın səhmlərinin 58%-i "Cənub Qaz Dəhlizi" QSC-yə məxsusdur. QSC-yə məxsus olan səhmlərin 8%-i "SOCAR Turkey Energy A.Ş."-yə satılması da müzakirə predmetidir. Bununla bağlı, artıq danışıqlar aparılır. Yaxın dönəmdə bu əqdin baş tutması istisna deyil", - deyə R. Abdullayev bildirib.