Ruslan Atakişiyev: "Çalışmaq lazımdır ki, bazarda məhsul bolluğu formalaşsın, bu daha effektiv metoddur"
"Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC Azərbaycan bazarlarında ərzaq məhsulları qiymətlərinin süni artımının qarşısının alınması üçün müdaxilələr həyata keçirəcək". Bunu mətbuata açıqlamasında şirkətin nümayəndəsi Xaliq Məmmədov deyib.
Onun sözlərinə görə, dövlət ehtiyat ərzaq fondları yaradılacaq və bazarlarda məhsulların qiymətinin süni şəkildə artımı müşahidə edilsə, müdaxilələr həyata keçiriləcək: "Ehtiyat ərzaq fondları süni qiymət artımının qarşısını almağa imkan verəcək. Yəni süni qiymət artımı baş versə, ASC buna reaksiya verərək bazara intervensiya edilməsi yolu ilə süni qiymət artımının qarşısını alacaq".
Qurum nümayəndəsinin sözlərinə görə, bu gün ASC-nin qarşısında duran əsas vəzifələrdən biri təkcə satınalan təşkilatların tələbatının yerli istehsal hesabına ödənilməsi deyil, bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maraqlarının qorunmasından ibarətdir. X.Məmmədov əlavə edib ki, yerli istehsal olan məhsulların müasir tədarük modelləri ilə tədarük edilməsi, anbarlanması, çeşidlənməsi və ən yüksək keyfiyyətli məhsulların daxili bazarın tələbatına yönəldilməsi, eləcə də tələbatdan artıq təklifin xarici bazara çıxarılması üçün danışıqların aparılması, xarici ölkələrdə ASC-nin filiallarının, nümayəndəliklərinin istehsal və ticarət bazalarının yaradılması da əsas məqsədlərdən biridir.
Bütövlükdə ekspertlər belə fondların yaradılmasını necə dəyərləndirir?
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin direktoru Ruslan Atakişiyevin sözlərinə görə, belə təcrübə Rusiyada var: "Rusiya təcrübəsində fövqəladə hallarda tədarük fondlarının yaradılması təcrübəsi var. Əslində bazara hər hansı bir formada müdaxilə edilməsi bazar iqtisadiyyatı prinsiplərinə uyğun sayılmır. Məsələ ondadır ki, bazarda qiymətlər tələb və təklif əsasında formalaşır. Ancaq istisna hallarda və hər hansı bir fövqəladə vəziyyətdə süni qiymət artımının qarşısını almaq üçün bazara müdaxilə olmalıdır. Yəni ərzaq fondlarında tədarük edilən məhsulu bazara çıxarmaqla, qiymətləri nizamlamaq olar. Çünki bəzi hallarda müəyyən işbazlar bazarda təklifin azalmasından istifadə edərək qiymətləri süni şəkildə artırmağa başlayır. Belə hallarla mübarizədə ərzaq fondlarının imkanlarından istifadə etmək olar. Bütün bunlarla yanaşı, çalışmaq lazımdır ki, bazarda məhsul bolluğu formalaşsın. Fikrimcə, bu daha effektiv metoddur. Ona görə ki, bazarda məhsul bol olsa, o zaman hansısa ehtiyat fondun yaradılmasına ehtiyac olmaz".
Vidadi ORDAHALLI