Xəyal Məmmədxanlı: "Bəzi klinikalar tibbi xidmətin qiymətini qaldırmamaq üçün cəhd göstərdilər, lakin bazarda yaşanan bahalaşma onlara da təsir göstərdi"
Könüllü tibbi sığortanın bahalaşması haqqında məlumat yayılıb. Tibbi sığortanın qiyməti bu il ərzində təxminən 20-30 faiz bahalaşıb. Sığorta şirkətləri könüllü tibbi sığortanın bahalaşmasını tibbi sığorta xərclərinin artması ilə əlaqələndirir. Manatın məzənnəsindəki dəyişikliklərlə əlaqədar son bir ildə dərmanların qiyməti 20-30 % artıb. Bu da, öz növbəsində, sığorta qiymətlərinə təsir edir.
Ekspertlərin bildirdiyinə görə, bahalaşma təkcə dərmanlarda deyil, tibbi xidmətlərin də qiyməti artıb. Ona görə də hazırda bazarda tibbi sığorta bahalaşıb.
Qeyd edək ki, ölkəmizdə tibbi sığortanı daha çox fiziki şəxslər deyil, firmalar etdirir.
Könüllü tibbi sığortanın bahalaşması haqqında fikir bildirən sığorta sahəsi üzrə ekspert Xəyal Məmmədxanlı "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, buna səbəb dərman preparatlarının və tibbi xidmətin qiymətinin artmasıdır: "Tibbi sığortanın bahalaşmasını ötən ildən gözləyirdik. Ötən il dərmanların satış qiyməti tənzimləndi. Mən dərman preparatlarının qiymətinin tənzimlənməsinin tərəfdarı deyildim. Çünki dərmanların qiyməti tənzimlənən zaman onların keyfiyyəti aşağı düşür. Həmçinin, qiymət tənzimlənməsi bazarda dərman qıtlığını səbəb olur. Proqnozlaşdırdığımız bütün hallar, demək olar ki, yaşandı". Həmsöhbətimizin sözlərinə görə, tibbi sığorta paketində dərmanlar önəmli rol oynayır: "Tək dərmanların qiymətinin bahalaşması deyil, eyni zamanda tibbi xidmətlərin də bahalaşması könüllü tibbi sığortaya öz təsirini göstərdi. Qeyd edim ki, bəzi klinikalarda tibbi xidmətin qiyməti qalxmamışdı. Onlar qiyməti qaldırmamaq üçün çox cüzi gəlirlə çalışırdı. Qiyməti qaldırmamaq üçün müəyyən cəhdlər göstərirdilər ki, bəlkə bazarı apara bilsinlər. Amma bu mümkün olmadı. Tibbi xidmət və dərman bazarında yaşanan bahalaşma, istər-istəməz, tibbi sığorta xərclərinə təsir göstərdi. Nəticədə bahalaşma tibbi sığortada müşahidə olundu".
Günel CƏLİLOVA