Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə keçid bankların yaradılması üçün normativ-hüquqi baza hazırlayır. Trend-in məlumatına görə, bu sözləri Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
Onun sözlərinə görə, hazırlanan qanun layihəsi problemli banklara təyin olunan müvəqqəti administratorların səlahiyyətlərinin artırılmasına yol açacaq.
Keçid bankı ödəniş qabiliyyəti olmayan bankların bazardan çıxması prosesində yaradılan maliyyə qurumudur.
Bu cür bankın investorlara satılacağı günə qədər bank səhmlərinin idarə olunması Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna keçir.
R.Aslanlı Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu yaxınlarda kommersiya banklarına xəbərdarlıq məktubu göndərdiyini də deyib (APA). "Biz bəyan etmişik ki, hər hansı bank indiki həssas zamanda valyuta mübadiləsi əməliyyatlarının aparılması zamanı qanunvericiliyin tələbini pozarsa, tənzimləyici olaraq ən ciddi tədbirləri görəcəyik", - deyə R. Aslanlı bildirib.
R. Aslanlı vətəndaşlardan üzləşdiyi qanunsuzluqlarla, pozuntularla bağlı Palataya müraciət etməyini xahiş edib.
"Maliyyə Bazarlarına Nəzarət Palatası bazarda baş verən qanunsuzluqları diqqətdən kənarda qoymur". Bunu da MBNP Direktorlar Şurasının sədri deyib.
"Biz Maliyyə Bazarlarına Nəzarət Palatası olaraq bankların, sığorta şirkətlərinin və kapital bazarlarının iştirakçıları olan investisiya şirkətlərinin fəaliyyətinə nəzarət edirik. Palataya bəzi məlumatlar daxil olur. Daxil olan məlumatlar əsasında biz hüquq-mühafizə orqanlarına müraciət edirik. Xatırlayırsınızsa, bir müddət öncə prokurorluq, təhlükəsizlik orqanları və Palatanın əməkdaşlarının birgə tədbiri nəticəsində qanunsuz valyuta mübadiləsi əməliyyatları aparan şəxslər saxlanılmışdı. Son zamanlar bizə yenə müraciətlər daxil olur. Biz bu məlumatları toplayaraq hüquq-mühafizə orqanlarına göndəririk. Ümid edirik ki, müvafiq orqanlar tərəfindən daha aktiv tədbirlər görüləcək", - deyə R. Aslanlı bildirib.