"Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması prosesi çox yüksək səviyyədə gedir. Trend-in "New Europe" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç deyib.
M.Şevçoviç kəskin rəqabətə baxmayaraq, Xəzər qazının "Cənub Qaz Dəhlizi" ilə Avropaya 2020-ci ilədək çatacağına əmin olduğunu bildirib.
Vitse-prezident layihəyə iri investisiyaların qoyulduğunu vurğulayıb: "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması prosesi çox yüksək, peşəkar səviyyədə gedir və artıq qaz alışı haqqında sazişlər var".
Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri Malena Mard isə deyib ki, Aİ qonşularını, o cümlədən Azərbaycanı demokratik, çiçəklənən və stabil ölkə kimi görmək istəyir (APA). O bildirib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı və Azərbaycan iqtisadiyyatının ən böyük investorlarından biridir: “Azərbaycan bizim qonşumuzdur, qonşuluq isə çox vacibdir. Azərbaycan həmçinin Avropa İttifaqı üçün enerji sahəsində strateji tərəfdaşdır. Biz birgə layihəmiz olan Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasını səbirsizliklə gözləyirik. Bizim üçün qonşuluğumuzda olan tərəfdaşlarımızla açıq və səmimi dialoq qurmaq çox vacibdir”.