Rüfət Quliyev: "Sahibkarlıq verilişlərinə məmurlar, millət vəkilləri deyil, bu sahənin mütəxəssisləri, fermerlər dəvət olunmalıdır"
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərtidir. Bu baxımdan Azərbaycan dövləti əhalisinin ərzaqla etibarlı təminatına dair çoxyönlü tədbirlər və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları həyata keçirir.
Aqrar sahənin inkişafı üçün ölkə başçısı İlham Əliyevin sərəncamlarına əsasən müvafiq işlər görülür. Bununla yanaşı, bu sahənin inkişafı üçün bəzi təkliflər də səslənir.
Aqrar sahənin inkişafı üçün televiziya kanallarında sahibkarlıqla bağlı verilişlərin yayımlanması təklif olunur. Belə bir təklifi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Rüfət Quliyev dəfələrlə öz çıxışlarında dilə gətirib.
R.Quliyev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, aqrar sahənin inkişafı üçün televiziya kanallarında sahibkarlıqla bağlı müəyyən verilişlər hazırlanmalıdır. Millət vəkili bildirdi ki, bu məsələ ilə bağlı aidiyyəti qurumlara rəsmi məktub da ünvanlayıb: "Ölkə iqtisadiyyatının inkişafı üçün sahibkarlara şərait yaratmaq lazımdır. Sahibkarlığın inkişafı üçün ölkədə təbliğat-təşviqat aparmaq lazımdır. Onlara özlərini tanıtmaq üçün KİV tərəfindən dəstək verilməlidir. Yəni televiziya kanallarında yayımlanan mənasız şou verilişlərdənsə, aqrar sahəyə dəstək xarakterli sahibkarlıq proqramları olmalıdır. O verilişlərə məmurlar, millət vəkilləri dəvət olunmamalıdır. Sahibkarlıq mövzusunda verilişlərdə yalnız sahibkarlar, fermerlər iştirak etməlidir. Onlar hansı məhsulla uğur qazanacağını və ya bu işə necə başladığını efir vasitəsilə bildirməlidir".
Millət vəkilinin fikrincə, sahibkarlıqla bağlı verilişlər tək İctimai kanalda deyil, digər televiziya kanallarında da yayımlanmalıdır: "Aqrar sahənin inkişafı üçün bütün televiziya kanallarında bu səpkili verilişlər yayımlanmalıdır. O verilişlər sayəsində fermerlər işdə necə uğur qazanmağın sirlərini öyrənəcək".
Həmsöhbətimiz onu da diqqətə çatdırdı ki, sahibkarlığın inkişafı üçün öncə sahibkarlara müəyyən məbləğ həcmində kredit vermək lazımdır. Sahibkarlara verilən kreditin faizi də 3-5 arasında dəyişməlidir. Bu kreditlər sayəsində kiçik sahibkarlar formalaşacaq və zamanla onlar orta sahibkara çevriləcək".
R.Quliyev sonda bunu da qeyd etdi ki, bu gün ölkədə gənc aqrar sahə mütəxəssisləri azdır: "Gənclər daha çox hüquq, maliyyə-kredit və digər humanitar sahələrə üstünlük verir. Hazırda aqrar mütəxəssislərə böyük ehtiyacımız var".
Günel CƏLİLOVA