SOCAR bir sıra birgə müəssisələrinin səhmlərini satışa çıxara bilər. Trend-in məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakı Fond Birjasının təkrar bazarında istiqrazların satışına başlanılmasına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, söhbət səhmlərin nəzarət paketindən gedir: "Biz səhmlərin az bir hissəsini satışa çıxara bilərik. Bununla da biz əhaliyə investisiya qoymaq üçün əlavə alətlər imkanı vermək istəyirik. Şirkət bu məsələ ilə bağlı Bakı Fond Birjası ilə danışıqlar aparır".
R.Abdullayev deyib ki, SOCAR-ın istiqrazlarının alışı üçün sifarişlərin əksəriyyəti fiziki şəxslər tərəfindən verilib. Onun sözlərinə görə, fiziki şəxslər tərəfindən sifarişlərin sayı ümumi sayın 90 faizini təşkil edib.
R.Abdullayev qeyd edib ki, qalan 10 faiz bank və digər hüquqi şəxslərin payına düşüb.
O əlavə edib ki, istiqrazların satışında xarici investorların iştirakı üçün məhdudiyyət olmayacaq.
Qış mövsümündə Azərbaycanda əhalinin qazla təminatında problemlər olmayacaq. Bunu da SOCAR-ın prezidenti deyib.
Onun sözlərinə görə, qazın verilişində qış rejiminə keçid noyabrın 1-dən həyata keçirilir: "Keçidə hazırlıq prosesi isə həmin tarixdən 15 gün əvvəl start götürür. Bir neçə gündən sonra buna tam hazır olacağıq. Son günlər bəzi rayonlarda qazın verilişinin səviyyəsinin zəif olmasına gəlincə, bu, havanın soyumasına görə qaz istehlakının artması ilə əlaqədardır".