Aydın Hüseynov: "Hesab edirəm ki, indiki məqamda funt sterlinqdə saxlanan valyuta ehtiyatlarının dollara çevrilməsinə ehtiyac yoxdur"
Azərbaycanın valyuta ehtiyatlarının ümumi həcmi 2016-cı il oktyabrın 1-nə 39 954,8 mlrd. ABŞ dolları təşkil edib. Bunun 89,66 %-i və yaxud 35 822,1 mlrd. dolları Dövlət Neft Fondu (ARDNF), 10,34 %-i və yaxud 4 132,7 mlrd. dolları isə Mərkəzi Bankın (AMB) payına düşüb.
Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 553 mln. dollar və yaxud 1,4 % artıb. Son üç ayda ARDNF-in valyuta ehtiyatlarında 704,2 mln. dollar artım, AMB-nin valyuta ehtiyatlarında isə 151,2 mln. dollar azalma baş verib.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə Azərbaycanın valyuta ehtiyatları 1,798 mlrd. dollar və yaxud 4,31 % azalıb.
O da məlumdur ki, Azərbaycan valyuta ehtiyatlarının 5 faizini Böyük Britaniya funt sterlinqində saxlayır. İngiltərənimn Avropa İttifaqından çıxmaqla bağlı qərar verməsindən sonra funt sterlinqin məzənnəsində ucuzlaşma müşahidə olunur. Yəni sözügedən valyuta dəyər itirməkdə davam edir. Belə olan halda, Azərbaycan bu valyutada ehtiyatlarını saxlamalıdır, yoxsa digər valyutaya konvertasiya etməlidir? Məsələyə münasibət bildirən millət vəkili, iqtisadçı Aydın Hüseynovun fikrincə, bu məsələdə ciddi narahatlığa əsas yoxdur: "Azərbaycan dövləti çox düzgün olaraq valyuta ehtiyatlarını müxtəlif pul vahidlərində saxlayır. Belə ki, ehtiyatlarını dollarda, avroda və funt sterlinqdə saxlayır. Məlum olduğu kimi, Azərbaycanın valyuta ehtiyatlarının 5 faizi funt sterlinqdədir. Hesab edirəm ki, indiki məqamda funt sterlinqdə saxlanan valyuta ehtiyatlarının dollara çevrilməsinə ehtiyac yoxdur. Çünki elə bir həssas məqamdır ki, prosesləri birmənalı şəkildə proqnozlaşdırmaq olmur. Proqnozlaşdıra bilmərik ki, funt sterlinq bundan sonra da ucuzlaşmaqda davam edəcək. Fikrimcə, funt sterlinqin daha da ucuzlaşması gözlənilmir. O üzdən bu məsələdə bizim itkilərimiz cüzidir. Çünki rezervlərin kiçik bir hissəsi funt sterlinqdə saxlanır. Ona görə də hesab edirəm buna lüzum yoxdur".
Vidadi ORDAHALLI