Qlobal iqtisadiyyatda mənfi proseslər davam etməkdədir. "APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının Aqrar inkişaf komissiyasının iclasında komissiyanın sədri, "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Gözəl deyib.
"Neftin qiyməti 50 dolları ötən kimi, ABŞ düyməni sıxır, buruqlar işə salınır, nəticədə neft ucuzlaşır. Bu isə bir çox ölkələrə mənfi təsir edir. Lakin bizim xoşbəxtçiliyimiz ondadır ki, ölkə başçısı İlham Əliyev bu proseslər başlamadan qeyri-neft sektorunun inkişafına dəstək verdi. Bunun da bəhrəsini görürük. Düzdür, Azərbaycanın ənənəvi ixrac məhsulu neftdir. Neft ixrac olunmadıqca valyuta daxilolmaları azalır. Lakin bunu qeyri-neft ixracının hesabına kompensasiya etmək olar. Buna görə, qeyri-neft məhsullarının istehsalçıları daha aktiv olmalıdır", - deyə o bildirib.
"Azərsun Holdinq"i bəzən monopolist olmaqda ittiham edirlər, amma mən bu fikirlə razı deyiləm" deyə A.Gözəl bildirib.
"Bazarda bizim istehsal etdiyimiz məhsulların çeşidindən eynisini istehsal edən başqa şirkətlər də var. Məsələn," Gilan Holdinq", "Karat Holdinq" və s. Nəticədə, istehlakçının seçimi artır. Bu, həm də rəqabət yaradır və məhsulun keyfiyyətinə müsbət təsir edir. Hamımız eyni qayıqda oturmuşuq. Nə ediriksə, dövlətimiz üçün edirik", - deyə o bildirib.
Mətbuatda son zamanlar "Azərsun Holdinq"in istehsal etdiyi məhsulların qiymətinin artması ilə bağlı əsassız xəbərlər yayılıb. Bunu da Abdolbari Gözəl deyib.
"Məlumatı yanlış təqdim edirlər. İki devalvasiya nəticəsində manat 110% dəyərdən düşüb, amma bizim istehsal etdiyimiz məhsulların dəyəri 30% artıb. Lakin buna toxunan yoxdur. Məsələnin fərqinə varmaq lazımdır. Düzdür, biz yağı xaricdən gətiririk. Lakin şəkər istehsalı 15% yerli xammala, 85% isə idxala bağlıdır. Biz yerli xammalın payını 40%-ə çatdırmaq istəyirik. Bunun üçün təxminən 100 milyon dollarlıq investisiya lazımdır. Bu yatırıma hazırıq. Duz, konserv və tomat istehsalı 100% yerli xammala əsaslanır. Lakin bu məhsulların qablaşdırılması idxala bağlıdır. Qablaşdırmanın yerli məhsul hesabına aparılması üçün iş aparırıq. Əgər bu məhsullar bahalaşarsa, ağ bayraq qaldırmağa hazıram", - deyə o bildirib.