Azərbaycanın mikromaliyyə təşkilatları kreditlərin qaytarılması prosedurunun sadələşdirilməsi məqsədilə kredit siyasəti və strategiyasını nəzərdə tutur. Trend-in məlumatına görə, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov Bakıda VIII Azərbaycan Mikromaliyyə Konfransında deyib.
O qeyd edib ki, hazırda mikromaliyyə təşkilatlarının kredit portfeli 485,16 milyon dollar təşkil edir.
S.Kələşovun sözlərinə görə, Assosiasiyanın tərkibinə 21 bank olmayan kredit təşkilatı, 10 bank və bəzi lizinq şirkəti daxildir: "Təkcə bank olmayan kredit təşkilatlarının 207-210 milyon manat həcmində kredit portfeli var. Onların müştəri bazası 370 min nəfərə çatır".
İsveçrə səfiri Filip Ştalder isə deyib ki, Azərbaycanın maliyyə bazarında müşahidə edilən çətinliklərin həlli üçün əhaliyə daha ucuz və innovativ məhsulların təqdim edilməsinə yönəlmiş islahatlar lazımdır.
Onun sözlərinə görə, indi əsas diqqət daşınmaz əmlakın reyestrinin və özəl kredit bürosunun yaradılmasına göstərilir ki, bu da maliyyə-bank sistemində struktur dəyişiklikləri çərçivəsində həyata keçirilir.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva isə xarici investorların Azərbaycanın mikromaliyyə bazarına böyük marağını qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın mikromaliyyə bazarı yeni investoların, o cümlədən İslam İnkişaf Bankı qrupunun marağını cəlb edir.