Rəsul Cahangirli: "Eyni zamanda, bu sahədə mövcud olan problemlərin həllinə öz müsbət təsirini göstərəcək"
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Maliyyə Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib. İclasda maliyyə naziri, kollegiyanın sədri Samir Şərifovun sədrliyi ilə Əmanətlərin Sığortalanması Fonduna Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ayrılacaq 460,0 milyon manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanətinin verilməsi ilə bağlı Mərkəzi Bankın müraciətinə baxılıb.
Qeyd olunub ki, Mərkəzi Bankın müraciəti "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 4.1.7-ci və 17.2-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 01 mart tarixli, 812 nömrəli Fərmanına uyğun olaraq Maliyyə Nazirliyinə təqdim olunub. MB tərəfindən Əmanətlərin Sığortalanması Fonduna kreditin verilməsi ləğv edilmiş QSC "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün likvid vəsait çatışmazlığının aradan qaldırılması məqsədlərini daşıyır.
MN kollegiyası əmanətçilərin hüquqlarının qorunmasının, onların ölkənin bank sisteminə etibarının gücləndirilməsinin, habelə bank sisteminin dayanıqlılığının təmin edilməsinin vacibliyini nəzərə alaraq ƏSF-yə MB tərəfindən ayrılacaq 460,0 milyon manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanəti verilməsi ilə bağlı müsbət qərar qəbul edib.
Maraqlıdır, sözügedən qərar bank sektoruna necə təsir göstərəcək?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, məlum qərar bank sektoruna inamın bərpa olunmasına xidmət edir: "Məlum səbəblərlə əlaqədar ölkədə bir neçə bank bağlanıb. Devalvasiyadan sonra əmanətçilər kütləvi şəkildə vəsaitini banklardan geri çəkməyə başladı. Bu da, öz növbəsində, bankların vəziyyətini daha da ağırlaşdırdı. Nəticədə bir neçə bank bağlandı. Vəsaiti olanların pulu bankda deyil, yastıq altında saxlaması yaxşı hal deyil. Həmin vəsait banklara qoyulsa, o zaman bu, ölkə iqtisadiyyatına yatırılacaq və nəticədə iqtisadi aktivlik artacaq. MB tərəfindən ayrılacaq 460,0 milyon manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanətinin verilməsi bank sektoruna inamın bərpa olunmasına xidmət edəcək. Eyni zamanda, bu sahədə mövcud olan problemlərin həllinə öz müsbət təsirini göstərəcək".
Vidadi ORDAHALLI