ABŞ-da makroiqtisadi göstəricilərin artması onu göstərir k, FED (Federal Ehtiyatlar Sistemi) iqtisadi artımın perspektivlərinə güvənir. "APA-Economics" xəbər verir ki, bu barədə "Sberbank"ın analitiki Tom Levinson bildirib.
Onun sözlərinə görə, FED ilin sonuna kimi uçot dərəcəsini artıracaq, xüsusilə də bu həftə ərzində tənzimləyici orqan uçot dərəcələrinin sentyabrda keçiriləcək iclasda artırılması ilə bağlı proqnoz verəcək. "Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı qərarı cari ildə uçot dərəcəsinin artırılması ilə bağlı bazarın gözləntilərini yox etdi. Buna baxmayaraq, Brexit-in təsiri hələ ki məhdud şəkildədir. ABŞ-ın bir sıra güclü makroiqtisadi hesabatları bazarı uçot dərəcələrinin artırılmasına müsbət yöndə yanaşmağa vadar edib”, deyə analitik qeyd edir.
T. Levinson əlavə edib ki, FED-in iyunun 23-də keçirilən iclasında öz ritorikasını bir qədər yumşaltmasına səbəb ABŞ-da may ayı üçün işsizliklə bağlı açıqlanan göstəricilərin son bir neçə ildə ən aşağı səviyyədə olması və Brexit ərəfəsində gərginliyin olması idi: "Hal-hazırda bu gözləntilər zəifləyib. İyunda ABŞ-da kənd təsərrüfatı sahəsi istisna olmaqla, məşğulluq əhəmiyyətli dərəcədə artıb. Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı qərarı sürpriz olsa da, bazar bu zərbədən üzüağ çıxdı”.