"Tax Free" sistemi Azərbaycanın bütün nəzarət-buraxılış məntəqələrində tətbiq ediləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
A.Əliyev bildirib: "Biz bu sistemin tətbiqinə tam hazırıq. Əvvəlcə sistem Heydər Əliyev Beynəlxalq Hava Limanında, sonra isə ölkənin bütün nəzarət-buraxılış məntəqələrində tətbiq olunacaq".
Aydın Əliyev deyib ki, Dövlət Gömrük Komitəsi gömrük nəzarəti zamanı risklərin idarə edilməsi sistemini işə salır. Onun sözlərinə görə, bu sistemin tətbiqi "yaşıl dəhliz" sisteminin və digər buraxılış zolaqlarının tətbiqi zamanı tələblərdən biridir: "Biz artıq risklərin idarə edilməsi proqramını hazırlamışıq və bu gün onun təqdimatını keçiririk. Bu təqdimatın məqsədləri gömrük orqanlarının əməkdaşları və BMT-nin İnkişaf Proqramının ofisinin nümayəndələri arasında fikir mübadiləsi aparmaqdır".