SOFAZ Türkiyəyə sərmayə qoymaq imkanlarını nəzərdən keçirir. Trend-in məlumatına görə, bunu jurnalistlərə SOFAZ-ın icraçı direktoru Şahmar Mövsümov deyib.
O bildirib: "Hazırda Türkiyəyə sərmayə qoymaq imkanlarını nəzərdən keçiririk. Bu, qonşu ölkədir və o bizə maraqlıdır".
Şahmar Mövsümov deyib ki, SOFAZ Milanda daşınmaz əmlak əldə etmək üzrə sövdələşməni tam həll edib. Onun sözlərinə görə, Milanda daşınmaz əmlakın alınması ilə bağlı heç bir problem yaranmayıb: "Bu sövdələşmə həll olunub, biz obyektin artıq sahibi olmuşuq".
Ş.Mövsümov bildirib ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumdan ("Brexit") sonra Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) funt sterlinqə investisiyaları dəyişməz olaraq qalıb (APA-Economics).
Onun sözlərinə görə, fond "Brexit"dən zərər görməyib: "Bizim investisiya portfelimizdə funt sterlinqin payı dəyişməz qalıb. Ümumi portfelimizin 5%-nin funt sterlinqə yatırılmasının əsas səbəbi diversifikasiyadır ki, biz buna böyük önəm veririk. Biz vəsaitimizi müxtəlif valyutalarda ona görə saxlayırıq ki, baş verən dəyişkənliklər portfelə ciddi təsir etməsin. Çox adam deyir ki, funt sterlinq dəyərdən düşüb. Amma məsələnin başqa tərəfi də var axı: funt sterlinq dəyərdən düşübsə, deməli başqa valyutanın dəyəri artıb. Başqa valyuta deyəndə biz dolları nəzərdə tuturuq. Bizim isə portfelimizin 50%-i dollardadır. Deməli, portfelimizin 50%-i dəyər qazanıb. Buna görə, biz nisbi valyuta dəyişkənliyini nəzərə almırıq".