Azərbaycanda xüsusi turizm zonalarının yaradılması planlaşdırılır. Trend-in məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib. Onun sözlərinə görə, hökumət üçün bu məsələ aktualdır: "Artıq müvafiq sənədlər hazırlanıb və müzakirə edilir".
S.Həsənova qeyd edib ki, Xəzər akvatoriyasında xüsusi turizm zonalarının yaradılması nəzərdə tutulub ki, bu da çimərlik turizminin və turizm infrastrukturunun inkişafına xidmət edir.
O əlavə edib ki, turizm zonaları çərçivəsində vergi tətillərinin tətbiq edilməsi imkanı müzakirə olunur.
S.Həsənova qeyd edib ki, Azərbaycan iqtisadiyyatı xarici şoklara davamlılığını göstərdi. Onun sözlərinə görə, neftin qiymətinin düşməsi və dünya iqtisadiyyatının qeyri-sabit olması Azərbaycan iqtisadiyyatına təsir etdi: "Onların mənfi təsirini aradan qaldırmaq və gələcəkdə daha davamlı müqavimət üçün hökumət bütün səylərini səfərbər etdi və "Azərbaycan-2020: gələcəyə baxış" konsepsiyasında nəzərdə tutulmuş tədbirlərin reallaşdırılmasını sürətləndirməyə başladı".
S.Həsənova qeyd edib ki, bu istiqamətdə ciddi addımlar atılıb, ölkədə biznesin yaradılması üçün şərait yaxşılaşdırılıb.
O əlavə edib ki, biznes subyektlərinin yoxlanılması iki il müddətinə dayandırılıb (dövlət təhlükəsizliyi ilə bağlı yoxlamalar istisna olmaqla): "2015-ci ilin ilk 5 ayında təqribən 4 min yoxlama aparılıbsa, 2016-cı ilin eyni dövründə yalnız 46 yoxlama həyata keçirilib. Bundan başqa, biznesin aparılması üçün verilən lisenziya və icazələrin sayı dəfələrlə azalıb".
Azərbaycanın xarici bazarlara ixrac etdiyi məhsulların çeşidi 2016-cı ildə 28 faiz genişlənib. Bunu da S.Həsənova deyib.