"İlin sonunadək neftin qiyməti 60 dollaradək bahalaşacaq". "APA-Economics" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
"Neftin qiymətində artım dinamikası nümayiş olunur. Neftin qiyməti artıq dibi görüb. Neftin qiyməti hətta 50 dollar olduğu halda, bu, investisiyayönümlü qiymət deyil. Son iki il ərzində böyük neft şirkətləri yüzlərlə milyard dollarlıq investisiyaları, bir çox layihələrini saxlayıblar", - deyə R. Abdullayev bildirib.
Dövlət şirkətinin rəhbəri əlavə edib ki, neftin 1 barelinin investisiyayönümlü qiyməti 60-70 dollardır. "Mənim proqnozuma görə, ilin sonunadək neftin qiyməti 60 dollaradək bahalaşacaq. Lakin neft sənayesinə böyük investisiyaların yatırılması üçün bu da kifayət deyil", - deyə R. Abdullayev qeyd edib.
"Həyata keçirdiyimiz layihələrdə heç bir problem müşahidə olunmur". Bunu da Rövnəq Abdullayev deyib.
"Cənub Qaz Dəhlizi, Karbamid zavodu, Türkiyədəki layihələrimizin icrasında problem yoxdur. Başqa sözlə, başladığımız layihələri uğurla başa çatdıracağıq. Lakin yeni layihələrin həyata keçirilməsini dayandırmışıq. Çox sayda layihələrimiz, ideyalarımız var, lakin biz onların həyata keçirmirik. Neftin qiyməti normallaşandan sonra onları həyata keçirəcəyik", - deyə R. Abdullayev bildirib.