Azərbaycanın maliyyə naziri Samir Şərifov "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) borcların idarə edilməsi üzrə agentliyə çevrilməsinə zərurət görmür.
Trend-in məlumatına görə, nazir jurnalistlərə bildirib ki, "Aqrarkredit" belə məsələlərlə yalnız dövlət başçısının fərmanına uyğun olaraq məşğul olur.
Hazırda BOKT Azərbaycan Beynəlxalq Bankından əldə olunan problemli aktivləri idarə edir.
Samir Şərifov onu da deyib ki, Azərbaycan hökuməti 2016-cı ilin dövlət büdcəsinin icrasında heç bir problem görmür. S.Şərifovun sözlərinə görə, dövlət büdcəsinin icrasında heç bir problem yoxdur və görünmür.
Nazir ölkədə pul kütləsinin artması ilə əlaqədar inflyasiya təzyiqinin artması imkanı mövzusuna toxunaraq qeyd edib ki, belə söhbətlərin reallıqla heç bir əlaqəsi yoxdur.