İlin sonuna kimi dünyada neftin qiyməti ("Brent" markası) 1 barel üçün 57 dollara qədər artacaq. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "Nordea" Skandinaviya bank qrupunun neft bazarı üzrə analitiki Tina Saltvedt bildirib.
O deyib ki, 2017-ci il ərzində neftin qiymətləri 63 dollar üzərində olacaq, ilin sonunda isə 66 dollara qalxacaq.
Bunun səbəblərini açıqlayan ekspert bildirib ki, ABŞ-da şist neftinin hasilatının azalması, Kanadada neft obyektlərindəki yanğınlar və Nigeriyada neft sahəsindəki problemlər qiymətlərin bahalaşmasına gətirib çıxarır.
"Nordea" qrupu 2016-cı ildə orta neft qiymətləri üzrə proqnozları 44-45-dən 47 dollara qaldırıb.
"OPEC neft hasilatını artırmasa, 7-10 il sonra neftin bir barelinin qiyməti yenidən 90-100 dollara çatacaq". "APA-Economics” RBK-ya istinadən xəbər verir ki, bunu isə "Qazprom neft”in baş direktoru Aleksandr Dyukov deyib.
Onun sözlərinə görə, OPEC hazırda yürütdüyü aqressiv siyasəti davam etdirərsə, qarşıdakı 10 il ərzində "qara qızıl”ın bir barelinin qiyməti 50-60 dollar civarında dəyişəcək.