2016-cı ilin avqustun sonunda "Şimal-Cənub" layihəsi çərçivəsində Hindistandan Rusiyaya ilk yük qatarı Azərbaycan üzərindən keçməklə işə salınacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, avqustun sonunda yük qatarı Mumbaidən çıxaraq bərə ilə İranın Bəndər-Abbas limanına çatdırılacaq: "Oradan isə dəmir yolu ilə qatar Rəştə gələcək. Buradan yüklər yük avtomobillərinə yüklənərək Azərbaycanın Astara ərazisinə çatdırılacaq. Astaradan yüklər dəmir yolu ilə Moskvaya göndəriləcək".
Cavid Qurbanov deyib ki, bu il iyulun sonu, avqustun əvvəlində Azərbaycandan keçməklə Çindən Gürcüstanın Poti limanına iki yük qatarı göndəriləcək. Həmin qatarlar "Vikinq" layihəsinin reallaşdırılmasının hissəsi olacaq.
Onun sözlərinə görə, iyulun sonu, avqustun əvvəlində iki qatar Çindən Qazaxıstanın Dostık stansiyasına göndəriləcək: "Buradan Transxəzər marşrutu üzrə, yəni dəniz və Azərbaycan ərazisi vasitəsilə qatarlar Gürcüstanın Poti limanına gedəcək. Burada yüklər təyinatı üzrə bölüşdürüləcək. Onların bir hissəsi "Vikinq" marşrutu çərçivəsində Baltikyanı ölkələrə göndəriləcək".