Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “İşgüzar Kredit İttifaqı” MMC-nin kredit ittifaqı kimi fəaliyyət göstərməsi üçün verilmiş lisenziya ləğv edilib. Bu barədə AMB məlumat yayıb.
Qərardan sonra Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən kredit ittifaqlarının sayı 35-ə düşüb.
Hələ ötən il sözügedən kredit ittifaqında aparılmış yoxlamalar zamanı 2024-cü il üzrə kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatlarınının AMB-yə təqdim edilməməsi məlum olub.
Belə ki, “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinə əsasən kredit ittifaqları maliyyə hesabatlarını kənar auditdən keçirməlidir. “İşgüzar Kredit İttifaqı”nın 2024-cü il üzrə kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatlarını təqdim etməməsi həmin tələbin pozulması ilə nəticələnib.
Bununla əlaqədar AMB ötən ilin iyun ayında kredit ittifaqına icrası məcburi olan göstəriş verib. Göstərişə əsasən, 2024-cü il üzrə maliyyə hesabatlarının kənar auditor tərəfindən yoxlanılması və təsdiqedici sənədlər əlavə edilməklə bu barədə AMB-yə rəsmi məlumat verilməsi tələb olunub.
“İşgüzar Kredit İttifaqı” MMC 2010-cu ildə yaradılıb və Bakıda fəaliyyət göstərib. Kredit ittifaqının nizamnamə kapitalı 4 min manatdır.
Qeyd edək ki, kredit ittifaqı fiziki şəxslərin və kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini birləşdirərək qarşılıqlı kreditləşmə məqsədilə yaratdıqları bank olmayan kredit təşkilatıdır.
ZÜMRÜD