Azərbaycan banklarının xarici borcu artır. Mərkəzi Bankın yaydığı məlumata əsasən, 2023-cü ilin yanvarın sonunda xarici öhdəliklərin həcmi 1,815 milyard manata yüksəlib. Bu məbləğ dekabrda qeydə alınan məbləğdən 53 milyon manat, ötən ilin yanvarındakı məbləğdən isə 749 milyon manat çoxdur.
Ümumilikdə, 2021-ci ilin dekabrından bankların xarici öhdəlikləri artır. Artımlara baxmayaraq qeyd edək ki, xarici borcun indiki həcmi devalvasiyadan sonra yaranan borc həcmindən xeyli azdır. 2015-ci ilin sonunda bankların xarici borcu 8,247 milyard manat idi. 2021-ci ilin son aylarına qədər xarici borc azalaraq 1,023 milyard manata düşmüşdü.
Məlumatlara görə, son bir ildə xarici öhdəliklərin kəskin artmasına səbəb xarici banklardan cəlb edilən qısamüddətli depozitlərin həcmindəki artımdır.
Maraqlıdır, bankların xarici öhdəliklərinin artmasının bank sektoru və dövlətimiz üçün hansı təhlükəsi var?
Vüqar Bayramov: “Xarici öhdəliyin artması heç də bank sektoru üçün sərfəli deyil”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bank sektorunda xarici borcların artması arzuolunan deyil. Çünki xarici borclanma xarici valyuta ilə olur. Bu da banklara sərf etmir: “Banklar xarici borclanmaya deyil, daha çox daxili borclanmaya üstünlük verir. Onu da deyim ki, devalvasiyadan öncəki dövrlə müqayisədə bankların xarici borc öhdəliyi ciddi şəkildə azalıb”.
Həmsöhbətimizin sözlərinə görə, hazırki dövrdə banklar xarici kapitala üstünlük verir. Ancaq nəzərə almaq lazımdır ki, xarici öhdəliyin artması heç də bank sektoru üçün sərfəli deyil. Bu səbəbdən də banklar xarici borclanmaya getməkdən ciddi şəkildə çəkinməlidir.
Kamran Məmmədli: “Bankların xarici borcunun artması prosesi gedir, ola bilsin ki…”
Iqtisadçı Kamran Məmmədli bildirdi ki, kommersiya banklarının xarici borclanmaya getmə prosesinin nə dərəcədə düz olub-olmaması çətin başadüşüləndir: “Bəzi kommersiya banklarının birbaşa xarici sərmayələrə, investorlara çıxışları olsa belə, digər bankların bu çıxışı yoxdur. Hesab edirəm ki, bunu vahid termin kimi bütün banklara qarşı istifadə etmək düzgün deyil. Bankların xarici borcunun artması prosesi gedir. Ola bilsin ki, kimlərsə yenidən sərmayəçilərdən hansısa aktivləri əldə edirlər, amma bunu yerləşdirə bilmirlər. Statistik nöqteyi-nəzərdən bunu borclanmanın artımı kimi qeyd etmək olar. Digər tərəfdən, keçmişdə verilən kreditlərin geri qayıtma mexanizmi olmadığı üçün, borclanmaların qalması prosesi də davam edir. Bu səbəbdən perspektivdə borclanma prosesi hələ də davam edəcək. Ona görə ki, bu gün bankların fəaliyyəti üçün mütləq biznes mühiti lazımdır . Azərbaycanda ilk növbədə biznes mühiti bərqərar olunmalıdır ki, bank sistemi rahat nəfəs alsın, maliyyə-kredit sistemi yenidən hərəkətə gəlsin. Bu proseslər gedəndən sonra, ümumiyyətlə, bank sistemində olan bütün çətinliklər mərhələli formada aradan çıxacaq. Əgər bu proses həll olmasa, bankların xarici borclanması daim artacaq. Ola bilər ki, xarici borcun üzərinə borc gəlsin, sərmayəçilər yenidən banklara aktivlər yerləşdirsin. Hətta ola bilər ki, Azərbaycan vətəndaşları öz vəsaitlərini yenidən banklara yerləşdirə bilərlər. Amma bu o demək deyil ki, banklar bu vəziyyətdən çıxacaq.Çünki bankların fəaliyyəti üçün biznes mühiti hələlik bərqərar olmayıb. Onu da deyim ki, borcun xarici və yaxud daxili olmasının fərqi yoxdur. Borc borcdur, qaytarılmalıdır”.
Günel CƏLİLOVA