Məlum olduğu kimi, Mərkəzi Bank Azərbaycanda kredit borclarının məbləğini açıqlayıb. Məlumata görə, əhalinin kredit borclarının miqdarı 19,7 milyard manata bərabərdir.
Danılmaz faktdır ki, hazırda bank sektorunun vəziyyəti pisləşməyə doğru gedir. Buna səbəb isə son dövrlərdə bank sektoru ilə bağlı qüvvəyə minən bir sıra qərar və qanunlardır.
Xatırladaq ki, 1 fevral tarixindən etibarən bank əmanətlərindən 10% həcmində vergi tutulacaq. Həmçinin, fevralın 2-də Mərkəzi Bank uçot dərəcəsinin yuxarı həddini 0,25, aşağı həddini isə 0,5 faiz bəndində artırmaq qərarını verdi.
Son zamanlar bank sektoru ilə bağlı verilən qərarların kredit faizlərinə təsir edəcəyi gözlənilir.
Ekspertlər hesab edir ki, depozit faizlərinin artması kreditlərin bahalaşmasına və bankların daha yüksək faizli kredit təklif etməsinə səbəb olacaq. Yəni əmanət gəlirləri vergiyə cəlb olunarsa, o halda kreditlər bahalaşacaq. Həmiçinin, uçot dərəcəsinin artırılması da kredit faizlərinin artmasına səbəb olacaq.
“Banklarla bağlı verilən qərarlar gələcəkdə kredit faizlərində artımın olması ehtimalını artırır”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, son zamanlar banklarla bağlı verilən qərarlar gələcəkdə kredit faizlərində artımın olması ehtimalını artırır: “Sadəcə nəzərə almaq lazımdır ki, Mərkəzi Bank uçot dərəcəsini artırmaqla yanaşı, yanvar ayında bankların Mərkəzi Bankda saxlamalı olduqları məcburi ehtiyat vəsaitinin dərəcəsini də 4 faizdən 5 faizə artırdı. Yəni cəlb olunan əmanətlərin daha böyük hissəsi Mərkəzi Bankda saxlanacaq. Elə Mərkəzi Bankın da məqsədi kredit faizi dərəcələrinin artmasıdır. Bu yolla banklardan daha az kredit götürülməsi, iqtisadi artımın zəiflədilməsi və qiymət artımının qarşısının alınması Mərkəzi Bankın əsas hədəfidir. İki yoldan biri seçilməlidir. Ya qiymət artmını tempinin, ya da kredit faizlərinin azaldılması. Mərkəzi Bank birinci yolu daha zəruri hesab edib və məncə, bu doğru qərardır. Çünki hazırda əhali üçün qiymət artımı bank kreditlərindən daha vacib məsələdir”.
Günel CƏLİLOVA