Vasif Talıbovun idarəçiliyi həm də Naxçıvanda qeyri-neft sektorunun, emal sənayesinin yerində sayması ilə yadda qaldı. Halbuki, Naxçıvanın zəngin təbii sərvətlərini düzgün istifadə etməklə bu sahəni inkişaf etdirmək, əmək tutumlu sahələr hesabına çoxsaylı iş yerləri açmaq mümkün idi.
Ancaq bütün bunların heç birindən səmərəli istifadə edilmədi. Əksinə, bölgədə yerli sahibkarlığı boğdular. İmkan verilmədi ki, onlar əlindəki kapitalı Naxçıvanın emal sektorunun inkişafına yönəltsinlər, sənaye sahələri yaratsınlar. Belə olan halda məlum məsələ idi ki, orada sahibkarlıq tənəzzülə uğrayacaq. Çünki bir sıra hallarda sahibkarlar min bir əziyyətlə hansısa müəssisələr yaratsalar da, sonra zor gücü ilə obyektləri əllərindən alındı. Digər bir tərəfdən, yerli sahibkarlığın inkişaf etdirilməsi məqsədilə Bakıdan ayrılan vəsaitlər ya təyinatı üzrə xərclənmədi, ya da ümumiyyətlə mənimsənildi. Kimin mənimsəməsi də bəllidir. Nəticədə işsizlik üzündən əmək qabiliyyətli əhali bölgəni tərk etdi.
“Yerli sahibkarlara divan tutulduğu üçün onlar kapitalı Türkiyə və digər ölkələrə yatırmalı oldular”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin fikrincə, Naxçıvanda qeyri-neft sektorunu, emal sənayesini inkişaf etdirmək mümkün idi: “Prinsipcə bu, əvvəlki Naxçıvan rəhbərliyi üçün strateji əhəmiyyət kəsb edən bir məsələ olmalı idi. Ona görə ki, Naxçıvanın Azərbaycanla birbaşa quru əlaqəsi yoxdur. Naxçıvan daha çox Ermənistanla sərhəddir. Belə bir coğrafi məkanda yerləşən bölgənin inkişafına xüsusi diqqət göstərilməli idi. Naxçıvanın hər daşı bir sərvətdir. Orada mineral sularla yanaşı, bir sıra əlvan metallar var. Hələ sovet dönəmində həmin faydalı təbii ehtiyatların hasilatı ilə məşğul olan müəssisələr var idi. Bölgə əlverişli nəqliyyat qovşaqları üzərində yerləşirdi. Düzdür, Qarabağ münaqişəsi səbəbindən Ermənistan Naxçıvanı blokadaya saldı. SSRİ-nin dağılması əvvəlki iqtisadi əlaqələrin kəsilməsinə səbəb oldu. Ancaq buna baxmayaraq, yerli şəraitə, bazar iqtisadiyyatı prinsiplərinə uyğyn emal sənayesini inkişaf etdirmək mümkün idi. Naxçıvan həm İranla, həm də Türkiyə ilə sərhədə malikdir. Hər iki ölkə böyük bazardır. Zamanında Talıbov bölgədə qeyri-neft sektorunun, emal sənayesinin inkişafına şərait yaratsaydı, yerli sahibkarları buna cəlb etsəydi, hər şey başqa cür olardı. Həm işsizlik bu dərəcədə çox olmazdı, həm əhali oranı tərk etməzdi, həm də Naxçıvan dotasiyalardan asılı duruma düşməzdi. Yerli sahibkarlara divan tutulduğu üçün onlar kapitalı Türkiyə və digər ölkələrə yatırmalı oldular. Az-çox gəlirli sahələri də Talıbov öz monopoliyasına daxil etdi. Söhbət məşhur mineral sulardan və digər sahələrdən gedir ki, ondan əldə olunan gəlirlər büdcəyə yox, Talıbovun cibinə getdi. Bir sözlə, Talıbov nə yerli, nə də xarici sərmayədarların investisiya qoyuluşuna, müasir tələblərə uyğun sənaye sektorunun yaradılmasına imkan vermədi. Bu baxımdan hesab edirəm ki, yeni rəhbərliyin üzərinə böyük iş düşür”.
Vidadi ORDAHALLI