Dünyanın əksər ölkələri iqlim dəyişikliyi ilə mübarizə öhdəliklərinə əməl etmir. Bu isə Yer üzündə daşqınların, meşə yanğınlarının, quraqlığın, isti dalğalarının intensivləşəcəyi deməkdir. Bu haqda BMT-nin yeni yaydığı hesabata istinadla “New York Times” qəzeti yazır.
Ötən il iqlim dəyişikliyi ilə bağlı tədbirləri gücləndirmək öhdəliyi götürmüş 193 ölkədən yalnız 26-sı vədinə əməl edib. Atmosferi ən çox çirkləndirən iki ölkə – Çin və Birləşmiş Ştatlar müəyyən tədbirlər görsələr də, bu il üçün əlavə öhdəlik götürməyiblər. İki ölkə arasında iqlim danışıqları aylardır dondurulub. BMT bildirir ki, istixana qazı emissiyaları kəskin azaldılmasa, planet 2100-cü ilədək ortalama 2.1- 2.9 dərəcə Selsi daha isti olacaq. Halbuki, 2015-ci ildə imzalanmış Paris razılaşmasında istiləşmə hədəfi kimi 1.5 dərəcə Selsi qoyulub. Planetin istiləşməsi isə on milyonlarla insanın həyati təhlükəli isti dalğaları, ərzaq və su qıtlığı ilə üzləşməsi deməkdir. Milyonlarla heyvan, böcək, quş, bitki növü yox ola bilər. bu fonda gələn ay BMT Misirin Şarm əl Şeyx şəhərində iqlim danışıqlarında ölkələrin yerinə yetirmədiyi vədləri müzakirə edəcək. “New York Times” qəzeti yazır ki, Avropada müharibə, beynəlxalq enerji böhranı, qlobal inflyasiya və Britaniya, Braziliya kimi ölkələrdə siyasi çaxnaşmalar liderlərin diqqətini yayındırıb, iqlim dəyişikliyi ilə mübarizədə birgə səyləri çətinləşdirib. Almaniyada yerləşən Yeni İqlim İnstitutunun təsisçisi Niklas Höhne qəzetə deyib ki, yubanma həddən artıq məyusedicidir: “Hökumətlər emissiyaları azaltmaq üçün güclü hədəflər qoymalı, iqtisadiyyatlarını karbonsuzlaşdırmalıdır”. O da xatırlanır ki, ötən il Qlazqoda iqlim sammitində ölkələr planeti təhlükəli dərəcədə istiləşdirən neft, qaz, kömür yandırmağın səbəb olduğu emissiyalarını azaltmaq səylərini ikiqat artırmağa boyun olublar. Onlar, həmçinin, inkişaf etməkdə olan ölkələrin mədən yanacağından külək, Günəş, digər bərpaolunan enerji mənbələrinə keçməsi üçün texnologiyalara yardımı artırmağa razılaşıblar. Amma bunlar fonunda Dünya Resurslar İnstitutunun aparıcı əməkdaşı Tarın Fransen qlobal temperatur artımının indiki trayektoriyasını təhlükəli dərəcədə yüksək adlandırıb. İnstitutun təhlilində deyilir ki, ölkələr hətta hazırkı vədləri yerinə yetirsələr, qlobal istixana qaz emissiyalarını 2019-cu ildəkindən 7 faizədək azaltmış olacaqlar. Halbuki, qlobal istiləşməni 1.5 dərəcə Selsidə saxlamaq üçün bundan altı dəfə artıq – 43 faizlik ixtisar tələb olunur.
BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) son informasiya bülletenində isə qeyd olunur ki, Yerin atmosfer qatında istixana qazlarının konsentrasiyası 2021-ci ildə rekord həddə çatıb: “Üç əsas istixana qazının - karbon dioksid, metan və azot oksidinin atmosferdəki konsentrasiyası 2021-ci ildə yeni rekordlar vurub və bu, iqlim dəyişikliyi ilə bağlı daha bir xəbərdarlıqdır”. Mərkəzi qərargahı Romada yerləşən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) isə qeyd edir ki, 2050-ci ilə qədər iqlim dəyişikliyinin milyonlarla insan üçün aclıq, balanssız qidalanma və yoxsulluq risqi yaradacağı gözlənilir. FAO-ya görə, 2022-ci il bir çox qlobal çağırışlar ili olacaq: “Ərzaq qiymətlərinin artması həssas ölkələri böhrana sürükləyir, hər gün 30 mindən çox insan münaqişə və təqiblər səbəbindən evlərini tərk etmək məcburiyyətində qalır. 2021-ci ildə yüksək ərzaq çatışmazlığı ilə üzləşən təxminən 193 milyon insan sağ qalmaq üçün humanitar dəstəyə ehtiyac duyur. Onların yarım milyondan çoxu aclıq və ölüm kimi fəlakətlərlə üzləşib. Kəskin qida çatışmazlığından əziyyət çəkənlərin üçdəikisini fermerlər təşkil edir. Dünya əhalisinin demək olar ki, 40 faizinə bərabər olan 3,1 milyard insan sağlam qidalanmaq imkanına malik deyil. COVID-19 pandemiyası, iqlim böhranı, ətraf mühitin deqradasiyası, münaqişələr və dərinləşən bərabərsizliklər həssas cəmiyyətlərə daha da mənfi təsir göstərir”. Bütün bu problemlərin həlli üçün “yaşıl iqtisadiyyat”a keçidin sürətlənməsi vacib hesab olunur. “Yaşıl iqtisadiyyat” termini insan rifahını və sosial ədaləti təmin edən və eyni zamanda, ətraf mühit risklərini kəskin azaldan iqtisadiyyat kimi müəyyən edilir. Azərbaycanda ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafında kompleksliliyin artırılması, dünya iqtisadiyyatına kifayət qədər dərin inteqrasiya olunması, enerji və resurslara qənaət edən ekoloji təmiz texnologiyaların istehsalının stimullaşdırılması, sənayenin ayrı-ayrı sahələrinin bir-biri ilə uzlaşmış şəkildə fəaliyyət göstərməsi diqqət mərkəzindədir. İşğaldan azad olunan ərazilərimizin “yaşıl enerji” zonasına çevrilməsi hədəflənib və bu istiqamətdə konkret addımlar atılır. “Yaşıl enerji” zonası ifadəsi təkcə bərpaolunan enerji mənbələrindən enerji istehsal edən yerlər barədə işlədilmir. Bu ifadənin əhatə dairəsi genişdir və özündə ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqi, “yaşıl” məşğulluğun təmini, resurslardan səmərəli istifadə kimi çoxşaxəli məsələləri birləşdirir. Onun üçün də işğaldan azad olunan ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi üçün kompleks tədbirlər görülür. Qarşıdakı illərdə işğaldan azad olunmuş ərazilərimiz “yaşıl iqtisadiyyat” prinsipləri ilə inkişaf edən dünyanın nümunəvi məkanlarından biri olacaq. Bununla Azərbaycan həm də iqlim dəyişmələriin mənfi fəsadlarının aradan qaldırılmasına töhfə verən əsas ölkələrdən biri olacaq.
Ramil QULİYEV