"...Əminəm ki, strateji tərəfdaşlar kimi biz bu gün müzakirə edilən əsas məsələ olan enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atacağıq. Artıq bu sahədə də tərəfdaşlıq gerçəkləşib, Azərbaycan qazı indi Bolqarıstandadır. Bu gün Prezidentlə söhbət zamanı biz Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılmasını da müzakirə etdik və müvafiq göstərişlər verilmişdir. Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Biz bunu yaxşı dərk edirik. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. İndi təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcəkdir...”
Bunu sentyabrın 30-da geniş tərkibdə görüş başa çatandan sonra Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.
Bolqarıstan Prezidenti Rumen Radev isə qeyd edib: “Bolqarıstandan əlavə Avropanın daha 3 ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya bizə müraciət edib ki, əlavə qaz həcmini almaq və nəql etmək istəyirlər. Bu ilin yayında - iyul ayında cənab Əliyev və xanım Fon der Lyayen sənəd imzalayıblar. Həmin sənədə əsasən yeni yanaşma tətbiq edilməlidir. Bunun sayəsində biz illərlə gözləmək əvəzinə, - bilirsiniz ki, burada mövcud infrastrukturu genişləndirmək üçün böyük sərmayə lazımdır, - həmin bu 4 ölkədə olan infrastruktur vasitəsilə Azərbaycan qazını dərhal digər ölkələrə göndərə bilərik. Beləliklə də qaz daha tez və etibarlı şəkildə Mərkəzi, Qərbi və Cənubi Avropaya çatdırıla bilər. Bu təklif sabah rəsmi olaraq təqdim ediləcək. Biz bunu Avropa Komissiyasının Prezidenti və bu 4 ölkənin nümayəndələri ilə müzakirə edəcəyik. Biz buna hazırıq. Bir ay ərzində yüksəksəviyyəli görüş təşkil edə bilərik. Bununla da layihəni irəli apara bilərik, bu layihəyə start verə bilərik...”
Prezident Azərbaycan qazının daha artıq miqdarda Bolqarıstana nəql olunması ilə bağlı fikirlər bildirib, Bolqarıstan prezidenti də deyib ki, 4 ölkə, yəni Bolqarıstan, Rumıniya, Macarıstan və Cexiya bir yerdə Azərbaycan qazının artıq miqdarda alınmasında maraqlıdır.
Azərbaycan qazının Bolqarıstan vasitəsilə Avropaya daha geniş nəql olunması istiqamətində prezidentin Bolqarıstan səfərindən sonra nə kimi dəyişiklik gözlənilir? Ümumiyyətlə, Bolqarıstan-Azərbaycan iqtisadi əlaqələrində hansı yeni proseslər başlaya bilər?
“Bolqarıstan, Rumıniya, Macarıstan və Çexiya üçün Azərbaycan strateji partnyorlardan biridir”
İqtisadçı ekspert Fuad İbrahimli baki-xeber.com-a şərhində bildirdi ki, bu olduqca əhəmiyyətli bir məsələdir. “Burada çox geniş məqamlar var. Nəzərə almaq lazımdır ki, ümumiyyətlə, Azərbaycan TANAP xəttini istismara verdikdən sonra ondan sonrakı hissədə məhz TAP-ın TANAP-a inteqrasiya olmasına artıq Azərbaycan Gürcüstan və TransaAnadolu Türkiyə ərazisindən Yunanıstan, Albaniya, İtaliya məcrasına çıxış tapdı. Bu da artıq Avropanın, belə deyək, hətta şengen zonasına daxil olan iki ölkəsini burada qeyd edirik, Yunanıstan və İtaliyanı. Bu mərhələdə də bilirsiz ki, Rusiya ilə Ukrayna arasındakı münaqişəyə görə enerji siyasətində çox qərəzli mövqelər yaranıb. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bəzi ölkələrin prinsipial mövqeyini gündəmə gətirir. Eyni zamanda sadaladığımız ölkələr arasında məhz Çexiya və Bolqarıstan da var. Bolqarıstanın Yunanıstan ərazisindən keçən TAP hissəsinə İnterkonnektor vasitəsilə inteqrasiyası mümkün olub. Artıq o dövrdən 3 milyard kubmetrə qədər qaz tədarük etməsi barədə razılıq əldə edib və sentyabr ayının sonlarında bu artıq başa gəlib, bu proses artıq baş verir. Bu gün Bolqarıstan da Azərbaycan qazı ilə birbaşa kontaktdadır. Belə olduğu halda, əlbəttə, nəzərə almaq lazımdır ki, istər Rumıniya, istər Macarıstan, istər Çexiya Bolqarıstan vasitəsilə bu xətlərə qoşula bilər. Bu ölkələrin istehlak gücünü nəzərə alsaq, hesab edirəm ki, Azərbaycan ən azından əhəmiyyətli dərəcədə, yəni 70 faizdən yuxarı istehlakının təmin etmək iqtidarındadır. Biz də öz texniki güclərimizi daha da dəyərləndirməliyik. Nəzərə almaq lazımdır ki, Azərbaycanın məhz TAP xəttinin mövcud vəziyyətini iki dəfəyə qədər artırmaq imkanları texniki cəhətdən mümkündür. Azərbaycan xətti artıq işlək vəziyyətdədir. Düşünürəm ki, bu xətlərin şaxələnməsi vasitəsilə gələcəkdə ümumilikdə iki dəfədən də artıq qazın ixracı mümkündür. Birincisi, nəzərə almaq lazımdır ki, indiki vəziyyətdə Avropanın enerji təhlükəsizliyi proqramında Azərbaycanın yer alması müsbət haldır. Baxmayaraq ki, bu ümumi istehlak çəkisində çox cüzi bir rəqəmdir. Məsələn, Avropa istehlak səbətini mərhələli şəkildə iki dəfə də artırıb 4 faizə çatdırmaq imkanlarımız var və perspektivdə digər ölkələrin də bu layihəyə qoşulmasında Azərbaycan əhəmiyyətli dərəcədə dayanıqlı bir partnyora çevrilə bilər. Artıq da Azərbaycan partnyordur”.
F.İbrahimli vurğuladı ki, Azərbaycan təkcə Azərbaycan qazının ixracında yox, eyni zamanda neft sektorunda da aktivdir və artıq Bakı-Tbilisi-Ceyhan fəaliyyətdədir, icra mexanizmindədir. Ekspertin sözlərinə görə, bununla yanaşı dəmir yolu infrastrukturunun mövcudluğu Azərbaycanı Asiya və Avropa arasında ən optimal dəhlizə çevirib, Azərbaycan dayanıqlı dəhlizlərdən hesab olunur. “Bizim siyasi dayanıqlılığımızı, eyni zamanda da layihələrin maliyyə dayanıqlığını nəzərə alaraq biz Avropa üçün çox geniş və strateji partinyorlardan birinə çevrilmişik. Bu baxımdan, Bolqarıstan, Rumıniya, Macarıstan və Çexiya üçün Azərbaycan strateji partnyorlardan biridir. Düşünürəm ki, ticrarət əməliyyatlarının həcminin artırılmasında, iqtisadi əlaqələrin genişləndirilməsində, Azərbaycan vətəndaşlarının Avropaya gedib-gəlməsində, viza rejiminin sadələşdirilməsi istiqamətində və digər bu qəbildən olan proseslərdə Azərbaycana hərtərəfli makroiqtisadi tərzdə, əlbəttə ki, dəstək vermiş olacaq”-deyə F.İbrahimli vurğuladı.
İradə SARIYEVA