Mərkəz Bank tərəfindən “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda bəzi dəyişikliklər edilib. Bu dəyişikliklər bütövlükdə bank sektorunun maliyyə dayanıqlığının daha da gücləndirilməsi, o cümlədən məsuliyyətli və daha sağlam kreditləşmənin təmin edilməsi, əhalinin izafi borclanmasının qarşısının alınması, borcalanların potensial valyuta risqindən qorunması və ölkədaxili banklararası bazarın stimullaşdırılması üzrə yeni tələbləri nəzərdə tutur.
Ekspertlər hesab edir ki, Mərkəzi Bankın yeni qərarı banklara nəzarəti artırır.
Maraqlıdır, Mərkəzi Bankın yeni qərarının bank sektoruna təsiri necə olacaq?
“Bu gün Azərbaycanın bank sistemində inhisarçılıq meylləri olduğu üçün Mərkəzi Bank iri banklara nəzarət edə bilmir”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, yeni dəyişikliklər istehlak kreditlərinin verilməsini birbaşa qadağan etmir, sadəcə, onları banklar üçün biznes kreditləri ilə müqayisədə sərf etməyən səviyyəyə çatdırır: “Məlumdur ki, banklar istehlak krediti verərkən müəyyən qədər ehtiyac yaratmalıdırlar. Çünki özlərinin limitlik əmsalları var. Ancaq hazırda bu əmsal onlara sərf etməyən tərzdə hazırlanır. Mərkəzi Bank bildirir ki, istehlak kreditini verə bilərsiniz, amma bu, sizin potensial normativlərinizə mənfi təsir edəcək. Buna riayət olunması isə bankın kapital adekvatlığını aşağı salır. Bu gün onlara qarşı elə vəziyyət yaradılır ki, istehlak kreditinin verilməsində az maraqlı olsunlar. Bu baxımdan da banklar çoxgəlirli vətəndaşlara istehlak krediti verməkdə maraqlı olacaqlar”.
Ekspert onu da əlavə etdi ki, bu gün Azərbaycanın bank sistemində inhisarçılıq meylləri olduğu üçün Mərkəzi Bank iri banklara nəzarət edə bilmir: “Həmin banklar daha çox kapitala və böyük aktivlərə malik olduqları üçün vətəndaşlara istehlak krediti verə biləcəklər. Amma bu, aktiv və kapitalları zəif olan, həm də Mərkəzi Bank tərəfindən ciddi nəzarətə məruz qalan kiçik və orta banklara sərf etməyəcək. Ona görə də istehlak krediti bazarının iri banklar tərəfindən zəbt olunması gözlənilir. Məsələnin digər maraqlı tərəfi ondan ibarətdir ki, ölkənin bank sistemində istehlak kreditinin həcmi göstərildiyi kimi deyil, ümumi həcmi həmişə çox olub. Çünki belə kreditləri təkcə banklar deyil, bank olmayan kredit təşkilatları (BOKT), lizinq şirkətləri, hətta ticarət şəbəkələri verir”.
Günel CƏLİLOVA