Bu gün dünyanin bütün ölkələrində istehlak kreditlərinə tələbat ildən-ilə artır. Avropada “məişət borcu”, “ev borcu” adlandırılan bu kreditlərin həcmi həmin ölkələrin ÜDM-nin yarıdan çoxunu keçib və hətta ona bərabərləşmiş səviyyədədir. Ölkəmizdə isə, təqribi hesablamalara görə, əhalinin yalnız istehlak deyil, ümumi kredit borcları ÜDM-in 10%-dən azdır.
Qeyd etdiyimiz kimi, ölkəmizdə də istehlak kreditlərinə maraq günü-gündən artır. Ancaq banklar istehlak krediti üçün müraciət edən vətəndaşlara müsbət cavab vermir. Vətəndaşlar istehlak krediti üçün banklara müraciət edəndə rəsmi əmək haqqının yetərli olmadığı əsas gətirilərək onlara kreditin verilməsindən imtina edilir. Bu da vətəndaşların haqlı narazılığına səbəb olur.
"Vətəndaşın rəsmi gəliri aşağıdır, amma qeyri-rəsmi gəliri yüksəkdir, bu, problemdir"
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, bu məsələ ciddi problem olaraq qalır: “Bu çox böyük və ciddi problemdir. Azərbaycan qanunvericiliyinə görə, banklarda kreditlərin verilməsi qaydaları var. Həmin qaydalara görə, bank müştərilərin gəlirlərini təsdiq edən rəsmi sənəd istəməlidir. Bu da düzgündür. Digər tərəfdən də, Maliyyə Bazarlarına Nəzarət Palatasının 2016-cı ildə müəyyən etdiyi düstura görə, vətəndaşın aylıq gəliri onun və himayəsində olan şəxslərin yaşayış minimumunun üç mislini təmin etməlidir. Ondan yuxarı hissəsini o, borcun qaytarılmasına sərf etməlidir. Bu, əlbəttə ki, ağlabatan şeydir. O başqa məsələdir ki, vətəndaşın rəsmi gəliri aşağıdır, amma qeyri-rəsmi gəliri yüksəkdir. Bu, problemdir və yenə də bu məsələdə bankı qınamaq olmur. Bank haradan bilsin ki, vətəndaşın qeyri-rəsmi gəliri nə qədərdir? Yeganə mübarizə yolu maaşları ağartmaq, bu sahədə gedən islahatları daha da dərinləşdirməkdir".
Günel CƏLİLOVA