“Mən bir neçə il bundan əvvəl vəzifə qoymuşdum ki, xarici borcumuzu ümumi daxili məhsulun 10 faizinə endirək”. Bunu Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə deyib.
Ölkə başçısının sözlərinə görə, bu il iyulun 1-nə olan rəqəmlərə görə, xarici borc ümumi daxili məhsulun 10,7 faizini təşkil edir: “Nə üçün? Birinci növbədə, kreditlər almırıq və əvvəlcədən alınmış kreditləri qaytarırıq. Tam almırıq deyə bilmərəm, amma əvvəldən alınmış kreditlərin davamı indi gəlir. Amma yeni kredit almırıq, qaytarırıq. İkincisi, iqtisadiyyat artıb və ümumi daxili məhsul artdıqca təbii ki, o nisbət də, borcun nisbəti də azalır. İndi baxın görün, inkişaf etmiş ölkələrin bəzilərində xarici borc ümumi daxili məhsulu iki dəfə üstələyir. Xarici borcu ümumi daxili məhsulun 70 faizi olan ölkələr özlərini normal hiss edə bilərlər. Amma bizdə bu, 10 faizdir. Bu, nə deməkdir? Biz qoymuruq ki, borclar yığılsın, istəmirik ki, gələcək nəsillər bu borcun altında olsun. İstəyirik ki, bunu daha da endirək və ayağımızı yorğanımıza görə uzadırıq”.
Bütün bu deyilənlərin fonunda, Azərbaycan bu böyük hədəfə necə nail oldu?
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov bununla bağlı bir sıra məqamlara toxundu: “Azərbaycan xarici borcun ÜDM-də payına görə, dünyada ən yaxşı göstəriciyə malik olan 10 ölkədən biridir. ÜDM-də xarici borcun tənzimlənməsi Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Bu ilin ilk rübünün nəticələri göstərir ki, sözügedən istiqamətdə ciddi uğurlar əldə etmək mümkün olub. Eyni zamanda, Azərbaycan ÜDM-də xarici borcun ümumi həcminə görə MDB-də ən yaxşı göstəriciyə malikdir. Nəzərə almaq lazımdır ki, MDB-də kifayət qədər konservativ maliyyə siyasəti həyata keçirən Türkmənistan, Belarus kimi ölkələrdə xarici borcun ÜDM-də payı 30 faizdən çoxdur. Bu, Türkmənistanda 31 faizdir, Belarusda isə 38 faizdir. Daha liberal iqtisadiyyata malik olan Qırğızıstanda isə bu, 68 faizdir. Bununla yanaşı, MDB-də Ermənistan və Qırğızıstan xarici borcun ÜDM-də payına görə ən pis göstəriciyə malik ölkələrdir. Çünki sözügedən ölkələrdə xarici borcun ÜDM-də payı 60 faizdən çoxdur. Gürcüstanda bu rəqəm 58 faizə yaxındır. Praktik olaraq Azərbaycan MDB-də ən yaxşı göstəriciyə malik olmaqla yanaşı, xarici mənbələrdən asılılıq və daxili resursların mobilizasiyası baxımından da regionda ən yaxşı göstəriciyə malik olan ölkələrdən hesab olunur. İnkişaf etmiş ölkələrdə də borc alma payı sürətlə artır. O cümlədən, Yaponiya, ABŞ kimi ölkələrdə borcalma payının sürətlə artması müşahidə olunur. Bu konteksdə təbii ki, xarici borcun ÜDM-də payının tənzimlənməsi ciddi uğurdur. Azərbaycan müstəqil və düşünülmüş iqtisadi siyasət sayəsində buna nail olub. Belə olmasaydı, o zaman vəziyyət tam fərqli ola bilərdi”.
Millət vəkili onu da qeyd etdi ki, növbəti illərdə xarici borcun ÜDM-də payı daha da azala bilər.
Vidadi ORDAHALLI