Əvvəllər istədiyi məhsulu elektron ticarətlə əldə etməyə daha çox səy göstərən vətəndaş indi qiymətdə udmaq üçün daha çox xaricdə tanış tapır. Beləliklə, hesabdan-hesaba pul köçürmə yolu ilə alış-veriş edənlər artıb. Buna səbəb isə xaricə pul göndərilən zaman vətəndaşdan normadan artıq vəsaitin tələb olunmasıdır.
Eyni hal xaricdən Azərbaycana pul göndərilən zaman da yaşanır. Hər hansı bir ölkəyə bank vasitəsilə pul göndərilən və ya pulu geri alan zaman banklar məbləğin 0,2%-dən 1%-nə qədər pul tutur. Bu hal isə daha çox sahibkarlıq fəaliyyəti ilə məşğul olanların narazılığına səbəb olur.
“Ölkənin bank sistemi “gestapo” kimi işləyir, yəni pulköçürmələrlə bağlı bəlli məhdudiyyətlər, əngəllər, tələblər var”
Iqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, ölkənin bank sistemi “gestapo” kimi işləyir, yəni pulköçürmələrlə bağlı bəlli məhdudiyyətlər, əngəllər, tələblər var. Səbəb kimi də “çirkli pullarla mübarizəni” göstərirlər, sadəcə məsələnin absurdluğu ondadır ki, çirkli pulların son axtarıldığı yer bank olmalıdır, bankdan öncə ölkədə elə bir şəffaf sistem yaranmalıdır ki, çirkli pulların yaranma mənbəyi olmasın, əgər bu pullar kriminal sahədə yaranırsa, bununla da hüquq-mühafizə orqanları məşğul olmalıdır: “Nəzərə almaq lazımdır ki, ölkədə rəsmi varlı insanlar yoxdur, varlı məmurlar xaricə pul köçürmələrini müxtəlif üsullarla həyata keçirə, tapşırıqla nəzarətdən kənarda qala bilirlər, amma elə bir imtiyazı olmayanlar belə xidmətdən istifadə etməyə məcburdur. Xaricdən mal almaq üçün belə vəsaitlərə tez-tez ehtiyac yaranır, ölkə qanunverciliyi və tənzimlənən əməliyyatlar iş adamlarına əlavə maneələr yaradır deyə, onlar nağd dövriyyəyə üstünlük verirlər”.
Günel CƏLİLOVA