Azərbaycanda arıçılıq qədim tarixə malikdir. "Azıx" mağarasında aparılmış arxeoloji qazıntılar zamanı 50 min il yaşı olan, üzərində arı rəsmi çəkilən qabın aşkarlanması bunun bariz nümunəsidir. Baldan gündəlik həyatımızda olduğu kimi, xalq təbabətində də bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Hətta adi balın tərkibində olmayan komponentləri, vitaminləri balın tərkibində arıya yedizdirməklə daha güclü vitaminlərlə zəngin, müalicəvi məhsullar almaq mümkündür.
Qeyd edək ki, son illər Azərbaycanda balçılıq təsərrüfatlarının sayı artıb.
Son 13 ildə Azərbaycanda bal istehsalı 4,8 dəfə, arı ailələrinin sayı 4,4 dəfə artıb, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 18,8-dək yüksəlib.
Bu sahə ilə məşğul olanların problemləri günü-gündən çoxalır. Balçılıqla məşğul olan fermerlər iddia edir ki, əkin sahələrinə həddən artıq dərman vurulması səbəbindən arılar məhsul daşıyan zaman məhv olur, həmçinin satışın zəifləməsi, xaricdən bal idxalının artması balçıların işini çətinləşdirir. Digər bir məsələ də odur ki, hazırda dükan və bazarlarda kifayət qədər keyfiyyətsiz bal var ki, ucuz qiymətə satılır.
Azərbaycan balının güclü təbliğat kampaniyaları keçirilməli, reklam çarxları hazırlanmalıdır
Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədri Bədrəddin Həsrətov qeyd etdi ki, istehsalçıların satışda problemlə üzləşməsinin kompleks səbəbləri var: “Əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Digər tərəfdən, idxal edilən daha ucuz bal bazarda çoxdur. Assosiasiya olaraq bir neçə dövlət qurumuna, hətta ölkə başçısına müraciət etmişik ki, bal idxalına hansısa formada məhdudiyyət qoyulsun. Ya bal idxalında rüsum artırılsın, ya da tamamilə qadağa qoyulsun. Dünya təcrübəsində hər iki təcrübə var. Burda məqsəd həm daxili istehsalı, həm də arıçılığın inkişafını qorumaqdır. Çünki təbiətdəki tozlanmanın 85 faiz bal arılarının payına düşür. Balın satışında olan çətinliklərin bu sahəyə marağı azaldacağını düşünürük. Elə ölkələr var ki, bal qida zənbilinə daxildir, ancaq bizdə elə deyil. Qida zənbilində bal olsa, orduya, dövlət müəssisələrinə qida kimi xeyli bal verilər, əlavə satış olar. Hazırda ölkəmizdə bala 6000 ton tələb var. İstehsal isə 7000 tondur. Təklif tələbdən çoxdur, üstəlik, idxal da var. İstehsal çoxdursa, ixrac edilməlidir. Amma xarici bazarda qiymətlərlə ayaqlaşa bilmirik. Dünya bazarında daha ucuz ballar var, onlara qiymət cəhətdən uduzacağıq. Ancaq keyfiyyət məsələsindən çıxış edərək dünya bazarına çıxa bilərik. Azərbaycanın bal məhsulları “Premium” məhsullar sırasındadır. Çünki bu bal mədəni əkinlərdən deyil, vəhşi təbiətdən əldə edilir. Məhsulumuzun “premium” rəflərə gedib çatmasına çalışmalıyıq. Azərbaycan balının güclü təbliğat kampaniyaları keçirilməli, reklam çarxları hazırlanmalıdır. Beynəlxalq sərgilərə çıxmaq lazımdır. Bunun üçün dövlətin hansısa diqqəti, qayğısı olmalıdır. Çünki bahalı sərgilərdə iştirak etmək bir arıçının işi deyil”.
Günel CƏLİLOVA