Son üç ildə ərzaq-xidmət azı 25 faiz bahalaşıb, yaşayiş minimumu cəmi 10 faiz artıb...

Ruslan Atakişiyev: “Azərbaycanda ehtiyac meyarı yenidən hesablanmalıdır”

img

Rəsmi statistikanın elan elədiyi rəqəmlərə görə, pandemiya başlayan (mart 2020-ci il) dövrlə müqayisədə ərzaq, qeyri-ərzaq və xidmətlərdən ibarət ən zəruri 60 məhsul və xidmət səbətinin dəyəri 25 faizdən çox bahalaşıb.

Ancaq ölkədə yoxsulluğu və sosial ödənişləri müəyyənləşdirmək üçün əsas normativ rolunda çıxış edən yaşayış minimununun dəyərini hökumət son 2 ildə cəmi 10 faiz artırıb. Belə ki, 2020-ci ildə yaşayış minimumunun dəyəri 190 manat olub. Hazırda isə bu, 210 manatdır. Qiymətlərin artım tempi rəsmi yaşayışı minimununun dəyərinin artım tempini az qala 3 dəfə üstələyir. Hətta elə vəziyyət yaranıb ki, mövsümi amillər belə qiymətlərin aşağı düşməsinə o qədər də təsir edə bilmir. Adətən əvvəlki illərdə mövsümi amil bu və ya digər formada buna öz təsirini göstərirdi. Artıq elə bir vəziyyət yaranıb ki, bunun da elə bir təsiri qalmayıb.

Belə olan halda yaşayış minimumun məbləğinin artan qiymətlərə adekvat olmaması nə dərəcədə doğrudur?

  • “Yaşayış minimumunun həcmi qiymət artımından aşağı olursa, bu, daha çox aztəminatlı insanların yaşayış səviyyəsinə mənfi təsir edir”

Məsələyə münasibət bildirən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin direktoru Ruslan Atakişiyev hesab edir ki, qiymətlərin yüksəlməsini nəzərə alsaq, yaşayış minimumu artırılmalıdır: “Dünya praktikasında belə qəbul olunub ki, ölkə üzrə yoxsulluq və fəqirlik göstəriciləri var. Məsələn, BMT-də bununla bağlı 2 göstərici var - yoxsulluq və fəqirlik dərəcələri. Azərbaycanda ehtiyac meyarının həcmi müəyyən olunarkən bir sıra məsələlər nəzərə alınır. Hazırda bunun 210 manat olaraq qalması məqbul deyil. Çünki il ərzində qiymətlər qalxır və bu da insanların yaşayış səviyyəsinə öz mənfi təsirini göstərir. Əslində bu göstərici ona görə lazımdır ki, ünvanlı sosial yardımın müəyyənləşdirilməsi, bir sıra sosial tədbirlərin həyata keçirilməsi ilə bağlı bir meyar rolunu oynayır. Yaşayış minimumunun həcmi qiymət artımından aşağı olursa, bu, daha çox aztəminatlı insanların yaşayış səviyyəsinə mənfi təsir edir. Çünki bu zaman əhalinin həyat səviyyəsi bazar qiymətlərinə uyğun olmur. Ona görə də bütün bu amillər nəzərə alınmalıdır. Ehtiyac meyarları təyin edilərkən bir insanın yaşaması üçün zəruri olan mal və məhsulların qiyməti nəzərə alınmalıdır. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda ehtiyac meyarı yenidən hesablanmalıdır. Ona görə ki, hazırda 210 manat qiymət artımına uyğun deyil”.

Bu baxımdan ekspert hesab edir ki, məsələyə yenidən baxılmasına zərurət var.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər