Banklarda baş verən qanunsuz fəaliyyətlər bazar iştirakçılarını narahat edir. Ölkədə bir neçə dəfə bank rəhbərləri və ya bankların ayrı-ayrı məsul şəxsləri tərəfindən əmanətçilərin pullarının mənimsənilməsi faktları aşkar edilib. Bununla bağlı qanunvericiliyin tələbinə uyğun olaraq tədbirlər həyata keçirilib. Ancaq buna baxmayaraq, banklar tərəfindən qanunsuz kredit verilişi davam edir.
Məlumat üçün qeyd edək ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna əsasən Mərkəzi Bank yalnız iki növ kredit verə bilər: Birinci, kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi qaydasında (33-cü maddə); ikinci, sonuncu instansiya kreditləri (49-cu maddə). Qanunun 1.3-cü maddəsinə əsasən, Mərkəzi Bankın məqsədi, funksiya və səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə və həmin Qanunla müəyyənləşdirilir. Beləliklə, Mərkəzi Bank qanunla səlahiyyətinə aid edilməmiş banklararası kreditlər verə bilməz. Lakin açıqlanan rəsmi məlumatlarda bunun əksi müşahidə olunur.
“Məhkəmələr qanuna riayət edərək kredit müqavilələrini etibarsız hesab etsə, Mərkəzi Bank on milyonlarla vəsait itirə bilər”
Bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, Mərkəzi Bankın verdiyi kreditlərin bir qismi qanunsuzdur: “Mərkəzi Bankın "banklararası kredit” adı ilə verdiyi kreditlər qanunsuzdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 1.3-cü maddəsinə əsasən Mərkəzi Bankın məqsədi, funksiya və səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə və həmin Qanunla müəyyənləşdirilir. Beləliklə, Mərkəzi Bank qanunla səlahiyyətinə aid edilməmiş banklararası kreditlər verə bilməz. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məcəllənin 337.1-ci maddəsinə görə MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Beləliklə, Mərkəzi Bankın sözügedən kredit müqavilələri etibarsızdır (əhəmiyyətsizdir). Mülki Məcəllənin 460.3-cü maddəsinə əsasən əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur”.
Ekspert hesab edir ki, “banklararası kredit”lərin təminatı olan girov (ipoteka) və zaminlik müqavilələri də etibarsızdır: "Bu isə o deməkdir ki, məhkəmələr qanuna riayət edərək bu müqavilələri etibarsız hesab etsə, Mərkəzi Bank on milyonlarla vəsait itirə bilər. Bu pullara görə məsuliyyəti də ilk növbədə Elman Rüstəmov daşımalıdır”.
Günel CƏLİLOVA