Məlum olduğu kimi, Aqrar Subsidiya Şurası Prezident İlham Əliyevin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib. Nəticədə bitkiçilik sahəsində tətbiq edilən subsidiyalar əkin, məhsul və toxum üzrə olmaqla yenilənəcək.
Aqrar sahənin təşviqi üçün ayrılan subsidiyanın baza həcmi bir hektara 200 manat hesablanıb. Qeyd edək ki, bu məbləğ 2020 və 2021-ci il illə olduğu kimi qalıb. Üç il ərzində artım görməyən baza subsidiya məbləği müasir bazar şərtləri çərçivəsində fermer və əkin işlərini qane edirmi?
Fermerlər bildirir ki, subsidiya üçün ayrılan məbləğ onların cuzi xərclərini belə qarşılamır. Bu səbəbdən də subsidiya məbləğinin artırılmasını istəyirlər.
“Subsidiya məbləğinin aşağı olması ilə bərabər, subsidiyanın ödənilməsi qaydası da uyğun deyil”
İqtisadçı-ekspert Akif Nəsirli bildirdi ki, bu məbləğ mövcud şərtlər daxilində fermerlərin heç bir ehtiyacını qarşılaya bilmir: “Məlumdur ki, son bir il dörd ay ərzində yanacağın qiyməti 30 faiz artıb, buna baxmayaraq subsidiyalar normal kompensasiya edilmədi. Bununla yanaşı, təkcə yanacaq deyil, fermerlərin digər xərcləri də artıb. Subsidiya məbləğinin aşağı olması ilə bərabər, subsidiyanın ödənilməsi qaydası da uyğun deyil. Birincisi, subsidiya almaq üçün fermer qeydiyyatdan keçməlidir, bu isə internet üzərindən, onlayndır. Təəccüblü deyil ki, fermerlərin çoxu bunu bacarmır. Ona görə də bir çox fermerlər bu subsidiyadan kənarda qalır. Yaxşı olardı ki, hər bir fermerə torpağının dövlət aktına uyğun olaraq hökumət subsidiya versin. Dövlət aktının nömrəsini təqdim etməklə fermerlərin subsidiya almaq imkanları olmalıdır”.
A.Nəsirli hesab edir ki, subsidiyaların həcmini ən azı üç dəfə artırmaq lazımdır. Subsidiyaların tam məbləğinin nağdlaşdırılması üçün fermerə imkan yaradılmalıdır ki, fermer onu azad şəkildə bazardan alsın. Bu zaman keyfiyyətdən, məhsuldarlıqdan söhbət etmək olar.
Günel CƏLİLOVA