Son günlər bazarda kartofun qiymətinin artması müşahidə edilir. Ötən il kartofun satış qiyməti 60-80 qəpik olduğu halda, bu il bu məhsulun satış qiyməti 1 manat 50 qəpik - 4 manat arasında dəyişir. Satıcılar qiymət dəyişikliyinin region ölkələrinin bazarlarındakı dəyişikliklə əlaqədar olduğunu deyir.
Qeyd etdiyimiz kimi, son zamanlar bazarda kartofun satış qiyməti artıb. Adıçəkilən məhsulun satış qiymətinin artmasına baxmayaraq, bazarda yerli istehsal kartofa az rast gəlinir.
Bəllidir ki, ölkədə kartofçuluqda əsas problem toxumçuluqla bağlıdır. Ölkədə istehsal edilmiş kartof toxumu hesabına ümumi tələbatı ödəmək mümkün deyil. Ölkədə olan kartof ərzaqlıqdır, toxumluq keyfiyyətlərini daşımır.
Xatırladaq ki, bu ilin ilk ayında Azərbaycan xaricdən 512,24 min ABŞ dolları dəyərində 1,55 min ton kartof toxumu alıb. Belə ki, Ukraynadan 189,91 min ABŞ dolları dəyərində 575,5 ton, Gürcüstandan 175,38 min ABŞ dolları dəyərində 531,46 ton və Rusiyadan 146,95 min ABŞ dolları dəyərində 445,1 ton məhsul gətirilib. Ötən ilin yanvar ayı ilə müqayisədə Gürcüstandan tədarük müvafiq olaraq 71,6 % və 71,3 % artıb, Rusiyadan – 50,4 % və 50,1 % azalıb. 2021-ci ilin yanvarında Ukraynadan toxumluq kartof alınmayıb. Ötən il Azərbaycana idxal edilən 32,1 min ton toxumluq kartofun 82 %-i Rusiyanın payına düşüb.
Qeyd etdiyimiz kimi, son günlər bazarda yerli istehsal kartof azdır.
“Soyuducu kameraların az olması da keçənilki kartofun bu ilə qədər saxlanmasını və bazara çıxarılmasını mümkünsüz edir”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarını uzunmüddət saxlamaq üçün infrastruktur yoxdur: “Bu səbəbdən də keçən ildən qalan kartofu bugünə qədər saxlamaq mümkün olmur. Hazırda bazarlarda yerli kartofa rast gəlinmir. Bunun da başlıca səbəbi ölkəmizdə kənd təsərrüfatı məhsullarını saxlamaq üçün yetərli infrastrukturun olmamasıdır. Məhz bu səbəbdən də, yeni kartof çıxana qədər bazarlarda yerli kartofa rast gəlinmir. Soyuducu kameraların az olması da keçənilki kartofun bu ilə qədər saxlanmasını və bazara çıxarılmasını mümkünsüz edir. Ona görə də, bazarlara yerli kartof daxil olana qədər Azərbaycan, əsasən Türkiyə, Pakistan, İrandan gətirilən kartofdan asılı vəziyyətdə olur”.
Günel CƏLİLOVA