Neçə illərdir Azərbaycan iqtisadiyyatına yatırılan xarici sərmayələrin həcmində azalma müşahidə edilir. Xüsusən də 2020-ci ilin əvvəllərindən dünyada koronavirus pandemiyası yayılandan sonra bu, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. O üzdən, xarici sərmayələrin azalması 2021-ci illərin ortalarına qədər özünü göstərdi.
Ancaq maraqlıdır ki, ötən ilin ortalarından pandemiya ilə bağlı qadağalar dünya üzrə xeyli yumşaldılsa da, iqtisadi fəallıq artsa da Azərbaycan iqtisadiyyatına xarici sərmayə qoyuluşu azalmaqda davam edir. Məsələ ondadır ki, bu il də ölkə iqtisadiyyatına xarici investisiya qoyuluşu azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar əsas kapitala 560,2 milyon manat vəsait yönəldib. Ancaq bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz azdır.
Maraqlıdır, Azərbaycana xarici sərmayə qoyuluşunun azalmasının kökündə nə dayanır?
“Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi də bunda müəyyən rol oynayır”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Fuad İbrahimov xarici sərmayənin azalmasını bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla, ötən illər ərzində Azərbaycana böyük sərmayələr qoyulub, amma bu, əsasən neft-qaz sektoruna yönəldilib. Qeyri-neft sektoruna qoyulan xarici sərmayələr az olub. Ölkə qanunvericiliyi ötən illər ərzində təkmilləşdirilib. Ancaq ölkə iqtisadiyyatının tam liberallaşmaması xarici sərmayələrin həcminə mənfi təsir edir. Məmur birokratiyası neçə illərdir liberal iqtisadiyyatın inkişafına mane olur. Məmurlar müəyyən iqtisadi sahələrə himayədarlıq etməklə, azad iqtisadiyyatı buxovlayırlar. Üstəlik qanunlarda olan müəyyən boşluqlar da buna əngəl yaradır. Düzdür, ölkə iqtisadiyyatında islahatlar aparılır, amma yenə də kifayət qədər problemlər qalmaqdadır. Bütun bunlar xarici sərmayə cəlbinə maneələr yaradır. Ancaq pandemiyanın yaratdığı vəziyyət də buna öz təsirini göstərib. Digər tərəfdən, Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi və sonra bunun müharibəyə çevrilməsi bunda müəyyən rol oynayır. Bu il regional və geosiyasi vəziyyət gərgin olub. İlin əvvəlindən regionda müharibənin başlayacağı gözləntisi bütövlükdə dünya iqtisadiyyatında kapital axınına mənfi təsir göstərdi. Regional məsələlərdən təsirlənən dövlətlərdən biri də Azərbaycan oldu. Ümid edirəm ki, Rusiya-Ukrayna müharibəsi tez başa çatacaq və bu, ilin sonuna qədər xarici sərmayələrin artmasına müsbət təsir edəcək. Nəzərə almaq lazımdır ki, işğaldan azad olunan ərazilərdə əsas infrastrukturlar bərpa edilir. Həmin ərazilər iqtisadi dövriyəyə cəlb olunduqca, qoyulan xarici sərmayələrin həcmi artacaq”.
İqtisadçı-ekspert onu da əlavə etdi ki, xarici sərmayəni cəlb etmək üçün daha əlverişli iqtisadi zəmin yaratmaq lazımdır.
Vidadi ORDAHALLI