ABŞ-ın Federal Ehtiyatlar Departamenti 3 ildən sonra ilk dəfə faiz dərəcələrini 0,25 faiz artıracaq. Bu barədə ABŞ mənbələri məlumat yayıb. Ekspertlər hesab edir ki, faiz dərəcəsinin artırılması dünya birjalarına təsir edəcək və dolların dünya miqyasında yerli valyutalar qarşısında bahalaşması gözlənilir.
Qeyd edək ki, FED rəhbəri Cerum Pauell hələ bir müddət əvvəlki açıqlamasında mart ayından başlayaraq faiz dərəcəsinin mərhələli şəkildə artırılacağını bəyan etmişdi. O bildirmişdi ki, ölkədə inflyasiya dərəcəsi düşməsə daha aqressiv qərarlar qəbul ediləcək. ABŞ-da inflyasiya dərəcəsi son 40 ilin ən yüksək həddinə - 7,9 faizə çatıb.
Bəzi analitiklər bildirirlər ki, FED-in bu sərt tonlu ritorikası dollara müsbət təsir göstərə bilər. Onların qənaətincə, dollar indeksi son 9 ayda 7 faizdən çox artıb. Bu dövrdə dollar 31 valyutanın 29-u qarşısında bahalaşıb. Dolların bahalaşmasına ABŞ-da iqtisadi artımın yaxşılaşması və inflyasiyanın yüksəlməsi, eləcə də faiz gözləntilərinin artması səbəb olub.
Tarix göstərir ki, ABŞ dolları FED-in uçot dərəcəsini artırmasından əvvəlki doqquz aylıq dövrdə bahalaşıb, faizin artırılmasından sonra isə ucuzlaşıb. ABŞ Federal Ehtiyat Departamenti və Beynəlxalq Hesablaşmalar Bankına əsaslanan məlumatlar göstərir ki, dollar FED-in əvvəlki 4 sərtləşdirmə dövrü ərzində orta hesabla 4,1 faiz dəyər itirib. Buna əsaslanan bir sıra strateqlər də faizin artırılmasından sonra dolların ucuzlaşacağını gözləyirlər.
Bu qlobal proses bizim ölkədə dolların bahalaşmasına səbəb ola bilərmi?
İqtisadçı ekspert Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkəmizdə dolların kəskin bahalaşacağı ilə bağlı nəsə gözlənilmir:
“FED uçot dərəcəsini artırmaqla emissiya gəlirlərinin həcmini qaldırır. Bununla yanaşı, həm də öz ölkəsində bank faizlərinin dərəcəsini artıracaq. Pul dövriyyəsini və illik artım səviyyəsindən irəli gələn büdcə xərclərini də azaldacaq. İnflyasiyanı ləngitmək üçün belə mühafizəedici tədbirlər görəcək. Dünya bazarında neftin qiymətinin nisbətən ucuzlaşması müşahidə olunacaq. Azərbaycan belə vəziyyət üçün immunitetlidir. Çünki bizim büdcə gəlirlərində neftin qiyməti 50 dollar nəzərdə tutulub. Bir gerçəklik də odur ki, müharibələr neftin qiymətinin ucuzlaşması üçün şərait yaratmır. Tədarükü artırır deyə, bahalaşma müşahidə olunur. Əlbəttə, istehlak həcmi aşağı düşə bilər, çünki istehsal da azalır. O ki, qaldı dolların bahalaşmasına, bu qismən təsir edə bilər. Dolların baha alınması ölkəmizdə mübadilə qiymətini də artıra bilər. Lakin bu məsələ bir qədər də dövlətin maliyyə siyasəti ilə bağlıdır. Yəni süni nəfəs verib saxlaya da bilərlər. Bu da bizim ehtiyatlarımız və gəlirlərimizlə bağlıdır. Amma ölkədə inflyasiya artımı risqləri yüksələcək. Nəzərə almalıyıq ki, biz idxaldan asılı ölkəyik”.
Məhəmmədəli QƏRİBLİ