Rusiya prezidenti Vladimir Putin xarici iqtisadi fəaliyyət sahəsində ölkənin təhlükəsizliyini təmin etmək üçün xüsusi iqtisadi tədbirlərin görülməsi haqqında fərman imzalayıb. Fərmanda hökumətin 2 gün ərzində tərtib edəcəyi məhsulların dekabrın 31-ə qədər Rusiya xaricinə çıxarılmasının qadağan olunması əksini tapıb.
Rusiya Azərbaycanın idxalda əsas tərəfdaşıdır. Məsələ ondadır ki, ötən il bu ölkədən Azərbaycana 2,1 milyard dollarlıq məhsul gətirilib. Onlar arasında taxıl üstünlük təşkil edir. Təkcə 2019-cu ilin statisikasına görə, Azərbaycanın idxalında taxılın 82 faizi, günəbaxanın 100 faizi, kartofun 64.5 faizi, hazır şəkərin 99 faizi, düyünün 21.5 faizi, ətin 8.2 faizi, süd məhsullarının 9,8 faizi, mineral gübrələrin 86.7 faizi, yem xammalının 36.5 faizi Rusiyanın payına düşür. Putinin fərmanı Azərbaycan idxalatçılarını yeni bazarlar axtarışına məcbur edə bilər ki, bu da asan olmayacaq. O mənada ki, bu, vaxt tələb edir. Bütün hallarda, Putinin qərarı Azərbaycana hansı problemlər yarada bilər?
“Xüsusən qısamüddətli dövrdə digər idxal mənbələrinin tapılması istiqamətində səylər artırılmalıdır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili Vüqar Bayramov bir sıra məqamlara toxundu: “Azərbaycan taxıla olan tələbatın 60 faizini daxili, yerdə qalan 40 faizini isə idxal hesabına təmin edir. Taxıl məhsullarının əsas hissəsi Rusiyadan idxal olunur. İl ərzində Rusiyadan təxminən 290 milyon dollarlıq taxıl məhsulları idxal olunur. Ötən ilin sonu, bu ilin əvvəllərində qlobal bazarda taxılın qiyməti artmaqdadır. Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl Azərbaycan strateji məhsulların artırılması ilə bağlı xüsusi qərar qəbul edib. Bununla bağlı Prezident İlham Əliyev tərəfindən göstərişlər verilib. O baxımdan müəyyən işlər görülür. Ancaq müşahidələr göstərir ki, dünya bazarında taxılın qiyməti artmaqda davam edəcək. Həmçinin, Rusiya taxıl ixracını məhdudlaşdıracaq. Ona görə də mövcud ehtiyatlardan istifadə etməklə, yerli istehsalı artırmaqla vəziyyətdən çıxmaq olar. Xüsusən də qısamüddətli dövrdə digər idxal mənbələrinin tapılması istiqamətində səylər artırılmalıdır. Nəzərə almaq lazımdır ki, işğaldan azad olunan rayonlarda taxıl istehsalının genişləndirilməsi əsas hədəflərdən biridir. O baxımdan bu istiqamətdə səylər artırılmalıdır. Rusiya taxılla yanaşı, bir sıra digər məhsulların ixracını da məhdudlaşdırır. Ona görə də bütün bu məsələlər hərtərəfli təhlil edilməli və çıxış yolları tapılmalıdır. Xüsusən də ərzaqa olan tələbatın əsasən yerli istehsal hesabına təmin edilməsi istiqamətində işlər sürətləndirilməlidir. Çünki dünyada ərzaq məhsullarının bahalaşması qarşıdakı dövrdə də davam edəcək”.
Belə məlum oldu ki, qarşıda bizi hələ bir sıra çətinliklər gözləyir.
Vidadi ORDAHALLI