Ölkənin bank sektorunda kredit faizlərinin dərəcələrinin aşağı salınması ilə bağlı işlər görülsə də, yenə də qonşu dövlətlər və Avropa ölkələri ilə müqayisədə bu dərəcələr çox yüksəkdir.
Məsələn, Avropada kredit almaq istəyən şəxs götürdüyü məbləğin 2-6 % civarında əlavə vəsait ödədiyi halda, bizdə bu rəqəm iki, hətta dəfələrlə yüksəkdir. Bundan başqa, bir çox bank reklamlarında faizlərdə bir müddətlik endirimlər və ya dəyişikliklər olduğunu söyləyirlər. Təbii ki, əhali də reklamda qeyd olunan faizlərlə daha sərfəli kreditlər əldə edə bilmək üçün həmin banklara müraciət edir. Bizə daxil olan şikəyətlərdən də anlamaq olur ki, bəzi banklar əhalini çaşdıra biləcək reklam üsullarından istifadə edirlər. Həmçinin kredit verilərkən komisyon haqlarının əlavə olaraq müştərinin kredit məbləğindən çıxılması kimi hallar da müşahidə olunur.
Banklar müştəri cəlb etmək üçün yeni reklam kampaniyasına start verib. Belə ki, bəzi banker 13-14 faizlə kredit təklif edir. Banka müraciət edəndə məlum olur ki, 13-14 faizlə kredit yalnız əmək haqqı yüksək olan şəxslərə verilir. Maaşı az olanlara isə yüksək faizlər təklif olunur.
“Vətəndaşların sərbəst seçiminə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması istehlakçıların çaşdırılması sayılır”
İqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, səhv reklam vermək, təbii ki, qanunvericiliyin pozulmasıdır: “Bu, haqsız rəqabət haqqında qanunla tənzimlənir. Həmin qanunun 9-cu maddəsində göstərilir ki, istehalkçıların çaşdırılması qanunsuzluqdur. Burada vətəndaşların sərbəst seçiminə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması istehlakçıların çaşdırılması sayılır. İstehlakçının çaşdırılmasına görə isə cərimə nəzərdə tutulur. Haqsız rəqabət haqqında qanunun 12-ci maddəsinə görə, buna yol verməklə satılmış mallardan əldə olunan gəlirin 10 faizinədək, bundan sonrakı il ərzində eyni hərəkəti təkrar törətdikdə isə 20 faizinədək maliyyə sanksiyası tətbiq edilə bilər. Bu məsələni tənzimləyən qurum isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir. Əgər haqsız olaraq istehlakçılar aldadılır, ona yanlış məlumat verilir, çaşdırılır və zamanı alınırsa, o zaman adıçəkilən quruma məlumat vermək lazımdır. Nazirlik istehlakçını aldadan şirkəti cərimələyə bilər”.
Ekspert onu da əlavə etdi ki, bank verdiyi kreditin faiz dərəcəsini müəyyənləşdirəndə müştəri ilə bağlı risqlər əhəmiyyətli amildir. Az risqli müştəriyə az, çox risqli müştəriyə isə çox faizlə kredit verilə bilər. Çünki bu, bankın səlahiyyətində olan bir məsələdir və qanunsuzluq deyil. Müştərinin rəsmi gəlirləri mütləq müəyyən edilməlidir.
Günel CƏLİLOVA