Tez-tez vətəndaşların banklarla bağlı çeşidli şikayətlərini eşidirik və onlar mütəmadi olaraq banklardan giley-güzar edirlər. Bir çox vətəndaşlar şikayət edirlər ki, banklar ölmüş müştərilərin ailəsini, zaminləri narahat edir və onlardan ölmüş şəxsin banka borcunun ödənilməsini tələb edirlər.
Məlumatlara görə, əvvəllər müştəri dünyasını dəyişirdisə, onun borcu avtomatik olaraq silinirdi. İndi isə ölmüş müştərinin borcu silinmir. Ya müştərinin ailəsindən, ya da ona zamin duran şəxslərdən borcu, məhkəmə yolu ilə olsa da, alırlar.
“Əksər hallarda banklar ölmüş müştərinin borcunu bağışlamaq istəmir”
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, təminatlı və təminatsız kreditlər var. “Təminatlı kreditdə məsələ aydındır, əgər vətəndaş dünyasını dəyişirsə həmin andan kreditin faiz dərəcəsinin hesablanması dayandırılır və kreditin ödənilməsi girova yönəldilir. Yəni girov satılır, bankın borcu bağlanılır, vəsaitin qalan hissəsi isə borclunun vərəsəsinə verilir. Amma əgər qoyulan girov borcu ödəmirsə, belə deyək, 5 min manat dəyərində girov müqabilində 10 min manat kredit götürülübsə, həmin girov satılır və 5 min banka ödənilir, 5 min manat isə bankın üstündə qalır. Yaxud əgər kredit 100 min manatdırsa və ona qarşılıq olaraq 100 min manat dəyərində mənzil girov qoyulubsa, həmin ev dünyasını dəyişən vətəndaşın evliliyindən sonra alınıbsa, o zaman girovun yarısı, mərhuma aid olan hissə kreditin ödənilməsinə yönəldilir, qalan hissəsi isə müştərinin həyat yoldaşının payında qalır. Bank müştərinin həyat yoldaşının payına dəyə bilməz. Burada belə incəliklər var. Sizin qaldırdığınız problem daha çox təminatsız kreditlərə aiddir. Təminatsız kreditlərlə bağlı isə məsələ belədir: vətəndaş kredit götürərkən onunla bank arasındakı razılaşmaya əsasən kreditin sığortalanması həyata keçirilir. Bu, təxminən bank faizinin 1 faiz artmasına səbəb olur. Bu halda vətəndaş dünyasını dəyişdikdə kreditin qalan hissəsinin ödənilməsi sığorta şirkəti tərəfindən həyata keçirilir. Ona görə də, biz belə müşahidə edirik ki, bəzən vətəndaşların kreditləri bank tərəfindən bağışlanır, bəzilərininki isə bağışlanmır. Demək o bağışlananlar, işi asan həll edənlər krediti sığortalayanlardır. Amma bir məsələ də var ki, bəzən vətəndaş kredit götürür həyatını sığortalayır. Həyatı sığortalı olan vətəndaş dünyasını dəyişəndə onun bütün borc öhtəlikləri, o cümlədən də bankdan götürdüyü borcun qalan hissəsi yenə həmin sığorta şirkəti tərəfindən ödənilir. Lakin faiz dərəcələrini aşağı salmaq məqsədilə vətəndaşlarla bankllar arasında həm də belə razılaşma olur ki, heç bir nağd kredit sığortalanmır, və vətəndaşın həyatı da sığortalı deyil. Bu halda ciddi problem yaranır. Bankın bu halda hansı addımlar atacağı artıq onun öz öhdəsinə verilir. Banklarla bağlı qanunvericilikdə bu məsələnin həlli bankın üzərinə qoyulur. Əgər bank istərsə, vəfat etmiş müştərinin borcunu bağışlaya da, yaxınlarından tələb də edə bilər. Amma əksər hallarda banklar ölmüş müştərinin borcunu bağışlamaq istəmir”.
A.Nəsirlinin sözlərinə görə, amma bu halda da vətəndaşın ölüm şıəhadətnaməsi banka təqdim edildiyi gündən etibarən kreditə görə hesablanan faiz dərəcələri dayandırılır, yalnız əsas borcun ödənilməsi tələb olunur. “Bu halda isə vətəndaş banka sübut etsə ki, onun bu krediti qaytarmağa imkanı yoxdur, yenə bank həmin krediti bağışlayır. Amma bu məsələdə başqa bir tərəf də var. Mülkü Məcəllənin 558-ci maddəsinin 1-ci bəndinə əsasən, vətəndaşın iştirakı olmadan icrası mümkünsüz olan bütün öhtəliklərin icrasına xitam verilir. Mülki Məcəllədə belə bir maddə var. Dünyasını dəyişən şəxsin yaxını, qohumu, zamin və digərləri Mülki Məcəllənin 558-ci maddəsini əsas gətirərək məhkəmə mübahisəsi qaldıra bilər. Yəni onlar məhkəmə mübahisəsi qaldıraraq qalan borcu bankın zərəri hesabına silməyə nail ola bilər. Çünki 558-ci maddənin 1-ci bəndində konkret göstərilir ki, şəxsin iştirakı olmadan mümkün olmayan öhdəliklərin icrasına xitam verilir. Mərhumun yaxınları bu maddəni əsas götürüb dünyasını dəyişmiş vətəndaşın bank borcunun məhkəmə vasitəsilə silinməsinə nail ola bilər”- deyə A.Nəsirli vurğuladı.
İradə SARIYEVA