Pambıqçılıq gəlirli sahə olmaqla yanaşı, həm də əmək tutumludur. O baxımdan pambıq emalı düzgün təşkil ounarsa, o zaman daha çox gəlir əldə etmək mümkündür. Nəzərə almaq lazımdır ki, ötən il dünya bazarında pambığın qiyməti xeyli yüksəlib.
Məsələn, Türkiyənin tekistil sənayesi pambıq hesabına iqtisadiyyat üçün kifayət qədər yüksək əlavə dəyər yaradır. Məsələn, emal zəncirində 1 dollar pambıq lifi 2.5-3 dollar xalis əlavə dəyərə çevrilir. Amortizasiya ayırmaları və dolayı vergilər nəzərə alındıqda ümumi əlavə dəyərin məbləği daha yüksəkdir. Azərbaycanda isə bu sahədə vəziyyət fərqlidir. Ölkədə ixrac olunan 1 ton pambıq mahlıcının qiyməti 2500 dollardır. Hansı ki, bu emal edilsə 6000-7000 min dollar xalis, 8000-9000 min dollar ümumi əlavə dəyər yaratmaq potensialına malikdir. Maraqlıdır, bizdə pambığın emal edilib daha çox gəlir əldə olunmasına nə mane olur? Bununla bağlı hansı işlərin görülməsinə ehtiyac var?
“Pambığın emalı ilə məşğul olmaq heç vaxt gec deyil, yetər ki, istək olsun”
Məsələyə münasibət bildirən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Azərbaycanda pambıq emalının zəif olmasını bir sıra faktorlarla əlaqələndirdi: “İndi hər bir ölkə çalışır ki, istehsal etdiyi pambığı ölkə daxilində emal etsin. Emal edilən məhsulu, son məhsula çevirəndən sonra ixrac etsin. Bu zaman daha çox gəlir əldə etmək mümkündür. Təəssüflər olsun ki, Azərbaycanda pamığın emal zəncirini təşkil edə bilmirlər. Çünki Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi və Kənd təsərrüfatı Nazirliyi işi qura bilmir. Ən başlıcası adıçəkilən qurumlar indiyə qədər pambıq emalı ilə bağlı mütəxəssislər hazırlamalı idi. Bu gün ölkədə pambıq emalını təşkil edə biləcək mütəxəssislər yoxdur. Bütün bunlar kompleks yanaşma tələb edir. Problem ondadır ki, kompleks yanaşma yoxdur. Üstəlik sağlam rəqabət mühitinin olmaması, yersiz bürokratik əngəllər, ölkədə mövcud olan pambıq emalı zavodllarının pis günə qoyulması belə xoşagəlməz vəziyyət yaradıb. Əvvəllər Azərbaycanda pambıqçılıq əmək tutumlu sahə idi. İndi belə deyil. İndi çiyid səpini və pambığın yığılması əsasən texnika ilə həyata keçirilir. Əvvəllər həm yığım əllə görülürdü, həm də alaq, dərmanlama və digər işlər. İndi bunların hamısı mexanikləşdirilmiş qaydada həyata keçirilir. Əsas odur ki, yüksək keyfiyyətli mahlıc və lif istehsal edəsən . Ondan sonra parça əldə edəsən. Dərd orasındadır ki, həm ölkədə pambıq emalı ilə bağlı mütəxəssislər hazırlanmayıb, həm də xaricdən belə mütəxəssislər gətirilmir. Ona görə də çalışmaq lazımdır ki, Türkiyənin o sahə üzrə mütəxəssisləri, emalla məşğul olan sahibkarları ölkəyə gətirilsin. Bununla bağlı ölkədə müasir fabriklər tikilməlidir. O cümlədən, paralel olaraq yerli mütəxəssislər hazırlanmalıdır. Bu işə Türkiyə ilə yanaşı, digər ölkələrdən də tekstil sahəsi üzrə mütəxəssislərini cəlb etmək olar. Pambığın emalı ilə məşğul olmaq heçvaxt gec deyil, yetər ki, istək olsun. Ötən il ölkədə 300 min tona yaxın pambıq yığılıb. Bunu ölkə daxilində emal edib ixrac etmək olar. Hətta elə etmək olar ki, emal edilən məhsulu Avropaya satmaq mümkün olsun. Yetər ki, bu sahə ilə ciddi məşğul olunsun, müasir texnologiyalar ölkəyə gətirilsin”.
Bir sözlə, ekspert hesab edir ki, iş düzgün təşkil edilsə, ciddi nəticələr əldə etmək olar.
Vidadi ORDAHALLI