Uzun illərdir Rəqabət Məcəlləsinin qəbul edilməsilə bağlı təkliflər səslənir. Belə fikirlər var ki,sözügedən məcəllə qəbul olunsa, ölkə iqtisadiyyatında bir sıra problemlər həllini tapacaq. Xüsusən də bunun inhisarçılıq və monopoliyanın aradan qaldırılmasına səbəb olacağı deyilir.
Ancaq Azərbaycanda inhisarçılığın qarşısının alıması, inhisarçı subyektlərin fəaliyyətinin və rəqabətin təmin edilməsilə bağlı 3 müxtəlif qanun var: "Haqsız rəqabət haqqında", "Antiinhisar fəaliyyəti haqqında" və "Təbii inhisarlar haqqında". Lakin buna baxmayaraq, həmin qanunlar sözügedən sahələrdə problemlərin həllinə gətirib çıxarmayıb. İnhisarçılıq da var, haqsız rəqabət də. O baxımdan Rəqabət Məcəlləsində bu qanunlardan fərqli hansı mexanizmlər, institusional çərçivələr olacaq ki, bu qanunlarda yoxdur? Hardan əmin olmaq olar ki, Rəqabət Məcəlləsinin qəbulu inhisarçılığa son qoyacaq?
“Məcəllə daha sistemli, ünvanlı yanaşmanı özündə ehtiva edə biləcək və hansısa sahə ilə məhdudlaşmayacaq”
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov bununla bağlı bir sıra məqamlara toxundu: “Rəqabət Məcəlləsinin qəbul olunması uzun müddətdir müzakirə edilir. Azərbaycanda Rəqabət Məcəlləsi layihəsinin hazırlanması və əvvəlki parlamentdə iki oxunuşda müzakirəsi də həyata keçirilib. Ancaq indiyə qədər qəbul olunmayıb. Lakin elə etmək lazımdır ki, daha təkmil Rəqabət Məcəlləsi qəbul olunsun. Nəzərə almaq lazımdır ki, İqtisadiyyat Nazirliyi Rəqabət Məcəlləsinin yenidən işləndiyini bəyan edib. Bu isə məcəllənin qəbulunun tezləşəcəyindən xəbər verir. Düzdür, qanunvericilik bazasının olması çox vacibdir. Ancaq qəbul olunan məcəllələrin icrası da çox önəmlidir. Təkcə qanunu qəbul etməklə iş bitmir. Qəbul olunan qanun işləmirsə, o zaman bunun bir əhəmiyyəti olmur. O baxımdan elə etmək lazımdır ki, qəbul olunan qanun kağız üzərində qalmasın. Rəqabət Məcəlləsinin əvvəlki bir sıra qanunlardan əsas fərqi o olacaq ki, əhatə dairəsi daha geniş olacaq. Söhbət ondan gedir ki, məcəllə daha sistemli, ünvanlı yanaşmanı özündə ehtiva edə biləcək və hansısa sahə ilə məhdudlaşmayacaq. Rəqabət Məcəlləsinin özəlliyi ondan ibarətdir ki, məsəllələrə sistemli yanaşmanı təmin edə biləcək. Ümumiyyətlə, iqtisadiyyatın liberallaşdırılması ilə bağlı fəaliyyətlərin gücləndirilməsi çox vacibdir. Milli prioritetlər əsasında 2022-2026-cı illəri əhatə edən strategiyada da məhz gizli iqtisadiiyata qarşı mübarizənin gücləndirilməsi, iqtisadi fəallığın artırılması ilə bağlı fəaliyyətlərin genişləndirilməsi əsas proritetlərdir. O üzdən, məcəllənin qəbul olunması, qanunvericiliyin təkmilləşdirilməsi ilə paralel olaraq digər işlərin də görülməsi vacibdir. Yalnız bütün bunlardan sonra iqtisadiyyatda sağlam rəqabət mühitini yaratmaq olar”.
Bu baxımdan millət vəkili hesab edir ki, səyləri artırmaq lazımdır.
Vidadi ORDAHALLI