“S&P Global Ratings” (“S&P”) reytinq agentliyi Azərbaycanın bank sektorunun yeni qiymətləndirməsini aparıb və “Banking Industry Country Risk Assessment” (BICRA) sisteminə görə ölkənin bank sistemini “9” qrupunda qərarlaşdırıb.
Hazırda yalnız Azərbaycanda fəaliyyət göstərən banklar üçün lövbər “b+” səviyyəsindədir. “S&P”yə görə, lövbərin bu səviyyədə olması yüksək kredit risqi, dövri iqtisadiyyat və bankların keçmişdə nisbətən aqressiv kreditləşmədən istifadə etməsi kimi özünəməxsus risqləri özündə birləşdirir.
Reytinq agentliyinə görə, COVID-19 pandemiyasından qaynaqlanan yüksək iqtisadi risqlər, əmanətlərin yüksək dollarlaşmasının bank sektorunda pul və kredit risqlərini artırması və qlobal müqayisədə zəif idarəçilik və şəffaflıq bank sektorunun zəif tərəfləridir.
Agentliyin analitiklərinin rəyinə əsasən, Azərbaycanın bank sektoru reytinqdə axırdan ikinci yerdədir.
Əkrəm Həsənov: “Azərbaycanın bank sektorunda dollarlaşma son illərdə azalsa da, hələ də yüksək olaraq qalmaqdadır”
Rəşad Həsənov: “Bəzi banklarda çox ciddi likvidlik problemi yaşanır”
Iqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, son 5-6 ilin nəticələrinə baxdıqda bank sektorunda olan aktorların 20 faizinin bazardan kənarlaşdığını görürük: “2015-ci ilə qədər olan dövrdə bank sektorunda aqressiv kreditləşmə qabarıq şəkildə özünü büruzə verirdi. Sonradan baş verən proseslər göstərdi ki, bank sektoru üzərində nəzarət çox zəif təşkil edilib. Bankların verdiyi məlumatların böyük əksəriyyəti reallığı əks etdirməyib. Bu gün bank sektorunda şəffaflıqla bağlı risqlər qalmaqdadır. Görünən odur ki, bəzi banklarda çox ciddi likvidlik problemi yaşanır”.
Günel CƏLİLOVA