Prezident İlham Əliyev “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, sahibkarlıq sahəsi üçün bank-kredit münasibətlərinin xüsusi əhəmiyyəti və bu sahənin bir neçə qanunla tənzimləndiyi nəzərə alınaraq, Bank Məcəlləsinin layihəsi altı ay müddətində hazırlanıb Azərbaycan Prezidentinə təqdim edilməlidir.
Məlumat üçün bildirək ki, ölkə başçısının məlum sərəncamı 2014-cu ildə imzalanıb. Həmin sərəncamda xüsusi olaraq qeyd edilirdi ki, Bank Məcəlləsi hazırlansın. Ancaq Prezidentin məlum tapşırığının üstündən 7 il keçsə də, hələ də Məcəllə ilə bağlı hər hansı bir iş görülməyib.
Məsələ ilə bağlı fikir bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bizimlə söhbətində bildirdi ki, Prezident İlham Əliyev Bank Məcəlləsinin hazırlanması ilə bağlı 2 dəfə Mərkəzi Banka göstəriş verib, 2004 və 2014-cu illərdə Bank Məcəlləsinin hazırlanması ilə bağlı sərəncam imzalayıb: “Ancaq imzalanan bu sərəncamların üstündən uzun müddət keçməsinə baxmayaraq, hələ də məlum Məcəllə ilə bağlı hər hansı bir iş görülməyib”
Həmsöhbətimizin sözlərinə görə, Bank Məcəlləsinin olması bank sektorunun inkişafına səbəb ola bilər: “Danılmaz faktdır ki, bu gün bank sektorunda pərakəndəlik yaşanır. Mərkəzi Bankın üzərində nəzarət sistemi yoxdur. Həmçinin, Mərkəzi Bankın digər banklara nəzarət səlahiyyəti geniş deyil. Bankların müflisləşməsi prosesində ziddiyyətlər yaşanır. Ümumiyyətlə, bank sahəsində çoxlu sayda problem var”.
Ekspert onu da əlavə etdi ki, Bank Məcəlləsinin gec hazırlanması bu vəziyyətdən sui-istifadə edənlərə sərf edir: “Onu da nəzərə almaq lazımdır ki, mükəmməl Bank Məcəlləsinin hazırlanması savad, bilik və səriştə tələb edir. Bu sahədə də problem olduğu üçün Məcəllənin hazırlanması gecikir”.
Günel CƏLİLOVA