Bakının bahalı mənzil bazarında dərin böhran...

Elnur Fərzəliyev: “Pandemiyadan öncə də Azərbaycanda bahalı mənzil bazarının alıcıları azalmışdı…”

img

Yay aylarında, çoxmərtəbəli yaşayış binalarından fərqli olaraq, həyət evlərinə və torpaq sahələrinə tələbat daha çox artır. Bununla yanaşı, yayda tətillə əlaqədar olaraq şəhər sakinlərinin müvəqqəti rayonlara getməsi kirayə bazarında qiymətlərin aşağı düşməsinə səbəb olur.

Hazırda daşınmaz əmlak bazarında çoxmərtəbəli binalarda mənzil və bahalı villaların satışı əvvəlki illərə nisbətən aşağı düşüb. Buna səbəb kimi pandemiya dövründə iqtisadi durğunluğun, həmçinin xarici ölkələrlə sərhədlərin bağlı olmasının ölkənin daşınmaz əmlak bazarına mənfi təsir göstərdiyi bildirilir.

Qeyd etdiyimiz kimi, son zamanlar bahalı və lüks mənzillərə təlabat azalıb. Mənzil alqı-satqısı ilə məşğul olanlar bildirir ki, ötən illərdən fərqli olaraq, lüks mənzillərlə maraqlanan yoxdur.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, pandemiyadan öncə də Azərbaycanda bahalı mənzil bazarının alıcıları azalmışdı: “Zamanla bu mənzillərin qiyməti aşağı düşdü və real bazar qiymətini aldı. Hazırda da həmin mənzillərdə qiymət artımı yoxdur. Onu da deyim ki, pandemiya dövründə Azərbaycanda çox bahalı mənzillərə tələbat, canlanma olmadı. Bu müddətdə daha çox ipoteka ilə mənzillər satıldı, nağd olaraq satılan mənzillərin sayı isə azaldı”.

Ekspertin sözlərinə görə, əmlak sektorunun inkişafı turizm sektorundan asılıdır: “Türkiyədəki vəziyyətə nəzər yetirək, burada aylıq olaraq Azərbaycan vətəndaşları tərəfindən 80-100 mənzil alınır. Həmçinin digər ölkələrdən hər ay Türkiyədə mənzil alanların sayı artır. Bunun da əsas səbəbi Türkiyənin turizm sektorunun inkişafı ilə bağlıdır. Bahalı və lüks mənzillərə xarici turistlər, iş adamları  maraq göstərir”.

Günel CƏLİLOVA

Son xəbərlər