Büdcə təşkilatlarında qanunsuz ödənişlər hədsiz çoxalıb - Maliyyə Nazirliyinin yoxlaması...

Fikrət Yusifov: “Bizim oğru məmurlar bütün qıfılların açarlarını axtarıb tapdıqda məharət nümayiş etdirə bilirlər”

img

Maliyyə Nazirliyi bəyan edib ki, bu ilin birinci yarısında büdcə təşkilatlarında qanunsuz ödənişlər hədsiz artıb. Belə ki, 23 qurumda aparılan yoxlamalar nəticəsində 24 milyon 625,7 min manat məbləğində artıq və əsassız ödənişin aparıldığı ortaya çıxıb.

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2021-ci il üçün təsdiq olunmuş İş Planına uyğun olaraq, Xidmətin mərkəzi aparatı tərəfindən 2021-ci ilin I yarısında 12 büdcə təşkilatına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb. Bir sıra büdcə təşkilatının maliyyə-təsərrüfat fəaliyyəti təftiş edilib, eləcə də regional maliyyə müfəttişlikləri tərəfindən bir neçə şəhər və rayonlarda fəaliyyət göstərən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib. Hesabat dövründə Xidmətin əməkdaşları tərəfindən prokurorluq və hüquq-mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 23 qurumda aparılan yoxlamalarla aşkar olunan 24 milyon 625,7 min manat məbləğində artıq və əsassız ödənişlərin 1 milyon 303,9 min manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib. Vətəndaş müraciətlərinə əsasən isə Xidmətin əməkdaşları tərəfindən 6 qurumda zəruri araşdırmalar aparılıb, cəmi 43,9 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunaraq aparılmış yoxlamaların nəticələri üzrə tərtib edilən sənədlər müvafiq tədbirlər görülməsi üçün prokurorluq orqanlarına göndərilib.

Müşahidələr göstərir ki, ilbəil sözügedən tendensiya artır. Bütövlükdə bu kimi xoşagəlməz halların artmasının kökündə nə dayanır?

  • “Belə hallara yol verən büdcə təşkilatlarının rəhbərləri ciddi şəkildə cəzalandırılmalı və ifşa olunmalıdır”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq maliyyə naziri, professor Fikrət Yusifov bir sıra məqamlara toxundu. Onun fikrincə, burada bəzi müəmmalı məsələlər var: “Əvvəla, belə halların illərdir mövcud olması heç yaxşı ənənə deyil. Xəzinədarlıq sisteminin mövcud olduği bir şəraitdə büdcə təşkilatları tərəfindən artıq və əsassız ödənişlərin həyata keçirilə bilməsi bir qədər müəmmalı görünür. Lakin bizim oğru məmurlar bütün qıfılların açarlarını axtarıb tapdıqda məharət nümayiş etdirə bilirlər. Görünür, burada da hansısa bir “yol” kəşf edə biliblər. Maliyyə Nazirliyi bu yolların qarşısının kəsilməsi üçün zəruru addımlar atmalıdır. Ölkədə korrupsiyaya qarşı bu qədər sərt mübarizə aparıldığı bir dönəmdə büdcə təşkilatlarında baş verən belə xoşagəlməz hallar təəssüf doğurur. Hesab edirəm ki, belə hallara yol verən büdcə təşkilatlarının rəhbərləri ciddi şəkildə cəzalandırılmalı və bütün cəmiyyət qarşısında ifşa olunmalıdır. Büdcə dövlətin deyil, xalqındır, çünki onun gəlirlərini xalq formalaşdırır. Ölkənin təbii sərvətləri belə xalqındır. O üzdən, sözügedən məsələlərə son dərəcə ciddi yanaşmaq lazımdır”.

Professor onu da qeyd etdi ki, davamlı olaraq belə pozuntuların üzərinə getmək lazımdır.

Vidadi ORDAHALLI

Son xəbərlər