Azərbaycanda alma, ərik, gilas, şaftalı da yetişmir ki, idxal edirik?

Natiq Cəfərli: “Bəzi ölkələrdə meyvə-tərəvəz istehsalı Azərbaycandan qat-qat ucuz başa gəlir”

img

Bu gün alıcılara yerli istehsalla yanaşı, idxal olunmuş meyvələrdə təklif olunur. Bazarda müxtəlif ölkələrdən idxal olunmuş meyvə məhsullarına rast gəlmək mümkündür. Məlumat üçün qeyd edək ki, Azərbaycan xaricdən təkcə subtropik və tropik meyvələr idxal etmir. İdxal olunan meyvə məhsulları sırasında yerli iqlim şəraitdə yetişdirilən gilas, şaftalı, ərik, çiyələk, alma, armud və digər  meyvələrə də rast gəlinir.

Gürcüstan, Türkiyə, Rusiya, İran və digər ölkələrdən idxal olunan meyvələrə bazarda rast gəlmək mümkündür. Onu da qeyd edək ki, idxal olunan meyvənin qiyməti yerli məhsuldan fərqli olaraq bahadır. Məsələn, bu gün Gürcüstan bazarında bir kiloqramı 40-50 qəpiyə təklif edilən Gürcüstan şaftalısı Azərbaycan bazarında 1manat 80 qəpik və ya 2 manat 20 qəpiyə təklif olunur. Bölgələrdə 40 qəpiyə təklif olunan eyniadlı yerli məhsul isə iri supermarketlərdə 1 manat 20 qəpik və ya 1 manat 40 qəpiyə satılır. İrandan gətirilən super əriyin kiloqramı 6-7 manat arasında dəyişir. Hazırda bazarlarda yerli əriyə nadir hallarda rast gəlmək olar.

Qeyd edək ki, bu ilin ilk 5 ayında Azərbaycana xarici ölkələrdən 110,3 milyon dollar dəyərində 205,3 min ton meyvə-tərəvəz gətirilib.

Maraqlıdır, tropik meyvələrlə yanaşı, ölkənin iqlim şəraitinə uyğun olan meyvə məhsullarının xaricdən idxal olunmasına səbəb nədir?

  • “Yerli istehsal daxili bazarı təmin etmədiyi üçün xaricdən ölkəmizə meyvə gətirilir”

Iqtisadçı Natiq Cəfərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bəzi ölkələrdə meyvə-tərəvəz istehsalı Azərbaycandan qat-qat ucuz başa gəlir: “Ölkəyə idxal olunan məhsullardan biri də gilasdır. Yerli gilasın qiyməti bu il heç də ucuz olmadı”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Türkiyə və İrandan gətirilən meyvə tərəvəzin qiyməti yerli məhsulla təxminən eyni olur: “Məsələn, Gədəbəy kartofunun qiyməti ilə Türkiyə və İrandan gətirilən eyni adlı məhsulun qiyməti arasılnda fərq var. Bazarın  diktə etdiyi qaydalar əsasında qiymətlər müəyyən olunur”.

Ölkənin iqlim şəraitinə uyğun olan meyvə məhsullarının xaricdən idxal olunmasına gəlincə, iqtisadçı bildirdi ki, yerli istehsal daxili bazarı təmin etmir. Bu səbəbdən də xaricdən meyvə gətirilir.

Günel CƏLİLOVA

Son xəbərlər