Xalis zərərlə işləyən 4 bankın Azərbaycana nə faydası var…

Kamran Məmmədli: “Ziyanla işləyən 4 bank özünü toplaya bilməzsə, onların fəaliyyəti sual altında olacaq”

img

Banklar hər rüb maliyyə hesabatları açıqlayır ki, bu hesabatlarda göstərilən rəqəmlər bankın rüb ərzində necə xidmət göstərdiyini ifadə edir. Eyni zamanda, bu göstəricilər həm müştərilərdə, həm investorlarda bankın fəaliyyəti haqqında təsəvvür yaradır. Bu səbəbdən banklar bu göstəricilərin müsbət istiqamətdə dəyişməsində (bu artma və ya azalma ola bilər) daim rəqabət aparırlar.

Bu günlərdə Azərbaycanda fəaliyyət göstərən 26 bank ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb. Banklardan 22-si 6 aylıq dövrü xalis mənfəət ilə, 4-ü xalis zərər ilə başa vurub.

Yarımili zərərlə vuranlar Bank Avrasiya, Access Bank, Yapı Kredi Bank Azərbaycan, Pakistan Milli Bankının Bakı filalıdır.

Onlardan daha çox zərərlə üzləşən Bank Avrasiyadır, o birinci yarımilliyi 3 milyon 929 min manat zərərlə yekunlaşdırıb. Müvafiq olaraq digər bankların zərəri 2 milyon 24 min manat, 232 min manat və 115 min manat olub.

Qeyd etdiyimiz kimi, 4 bank artıq ziyanla işləyir. Maraqlıdır, yarımili zərərlə başa vuran bankların gələcəyi üçün nə gözlənilir? O banklar bağlana bilərmi? Ziyanla işləyən bankların ölkəyə nə kimi faydası var?

  • “Bankların gəlirləri azalıb, amma dayanıqlı olduqları üçün mənfəət əldə edə bilirlər, dayanıqlı olmayan bankların isə zərəri çox olur”

İqtisadçı Kamran Məmmədli qeyd etdi ki, bankları zərərlə üzləşdirən əsas məsələ problemli kreditlərdir: “Pandemiya dövründə nəinki Azərbaycanda, dünyada bankların, kredit təşkilatlarının fəaliyyətində bu cür duruma rast gəlinir. Əslində əksər bankların gəlirləri azalıb, amma dayanıqlı olduqları üçün mənfəət əldə edə bilirlər, dayanıqlı olmayan bankların isə zərəri çox olur”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanda hansısa dövrü məənfətlə başa vuran bankların siyahısı da bəzən şübhə doğurur: “Xatırladım ki, 2019-cu ilin yekununda, Ata Bank da bəyan etmişdi ki, ili mənfəətlə başa vurub. Ancaq biz bunun əksini müşahidə etdik. Adıçəkilən ziyanda idi. Elə bu səbəbdən də bank əmanətçilərin vəsaitlərini geri qaytara bilmədilər. Ümid edirəm ki, ziyanla işləyən 4 bank özünü toplaya biləcək. Əks halda, onları da eyni tale onları da gözləyir”.

Günel CƏLİLOVA

Son xəbərlər