Prezident İlham Əliyev öz rəsmi Tvitter səhifəsində məmurlara müraciət edərək “nəzarətsiz xərclərlə” bağlı xəbərdarlıq edib. O, qeyd edib ki, vaxtilə nəzarətsiz olan xərclər artıq keçmişdə qalıb: “Bütün dövlət məmurları mənim təlimatlarımı icra etməlidirlər və edirlər ki, hər manata qənaət etməliyik”.
Dövlət başçısı nəzarətsiz xərclər deyəndə hansı xərcləri nəzərdə tutur?
İqtisadçı Günay Hüseynova “Bakı-Xəbər”ə bildirdi ki, hələ, 2009-cu ildə Maliyyə Nazirliyinin tərkibində maliyyə nəzarətini həyata keçirən yeni qurum - Dövlət Maliyyə Nəzarəti Xidməti yaradılıb: “Dövlət Maliyyə Nəzarəti Xidməti dövlət büdcəsinin, məqsədli büdcə fondlarının, büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin, eləcə də dövlət zəmanəti ilə alınan kreditlərin məqsədli və səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirməlidir. Biz ara-sıra bu qurumun hansısa təşkilatda izafi xərcləmələr etdiyinin şahidi oluruq. Ancaq bu, problem kökündən həll etmir. Daha çox tənqidçi medianın materiallarından görürük ki, dövlət qurumları israfçılığı davam etdirir. Bu yaxınlarda bir qurumun təkcə printerlərin katriclərinin doldurulmasına astronomik bir vəsaitin ayrıldığının şahidi olduq. Tenderlə bağlı vəziyyət daha acınacaqlıdır. Açıqlanan rəqəmlərdən görünür ki, korrupsiya üçün münbit şərait var. Prezident bundan əvvəl də bir neçə dəfə məmurlara bu yöndə xəbərdralıq edib. Onlara tövsiyə olunmuşdu ki, bahalı xidməti avtomobillərdən istifadə etməsinlər. Gəlin baxaq görək, buna əməl olunurmu? Dövlət qurumlarının rəhbərləri yenə də bahalı avtomobillərdə gəzirlər. Tez-tez kabinetlərinin mebelini dəyişirlər. Ezamiyyətlərə külli miqdarda pul ayrılır. Halbu ki kommunikasiyaların inkişaf etdiyi dönəmdə həmin görüşləri onlayn da keçirmək olar. Düşünürəm ki, Prezidentin bu xəbərdarlığından sonra, deyilən istiqamətə nəzarət daha da güclənəcək”.
Məhəmmədəli QƏRİBLİ